Xalqımızın sənət beşiyi olan Qarabağda musiqi mədəniyyəti xəzinəmizə əvəzsiz töhfələr verən Hacıbəylilər, Şuşinskilər, Əmirovlar və s. kimi tanınmış nəsillər yaşayıb. Belə görkəmli sənətkarlar şəcərəsindən biri də Mehralıyevlərdir.
   
   Mehralıyevlər Qarabağda adı hər zaman hörmətlə yad edilən peşəkar musiqiçilər nəslidir. Səsinin sorağı çox-çox uzaqlardan gələn xanəndə Bahadır Mehralı oğlu bu nəslin tanınmış, adlı-sanlı sənətkarıdır.
   Sənətlərinin şöhrəti şəhərlər dolaşan bu görkəmli nəslin ağsaqqalı Mehralı kişi XIX əsrin ikinci yarısında Şuşada yaşayıb. Gənc yaşlarından dabbaqçılıqla, sonra ticarətlə məşğul olub. Bununla yanaşı, o, gözəl qarmon ifaçısı kimi daha çox tanınıb. Azərbaycanda bu sehrli musiqi alətinin ilk ifaçılarından biri olur. Araşdırmalarda qeyd olunur ki, tez-tez dostları onun başına yığılar, o da qarmonda incə zövqlə oyun havaları və xalq mahnıları ifa edərmiş. Eyni zamanda, şəhərin bayram tədbirlərində və el şənliklərində, toylarda yaxından iştirak edir. Çox keçmir, mahir ifaçı kimi şöhrəti Şuşanın hüdudlarını aşır.
   1883-cü ildə Mehralı kişinin bir oğlu dünyaya gəlir. Adını Bahadır qoyurlar. Uşaq erkən çağlarından məlahətli səsi ilə diqqəti cəlb edir. Mehralı kişi onu özü ilə musiqi məclislərinə aparır. Atasının qarmonda müşayiəti ilə Bahadırın oxuduğu xalq mahnıları, təsniflər tamaşaçıları məftun edir. Mehralı kişi oğlunu Şuşada məşhur olan Molla İbrahimin məktəbinə qoyur. Bu elm ocağında ərəb, fars dilləri, klassik ədəbiyyat, muğam və dinin əsasları tədris olunurdu. Məlumdur ki, Qarabağın bir çox görkəmli sənətkarları məhz Molla İbrahim məktəbinin yetirməsi olub. Azərbaycan vokal məktəbinin banisi, böyük sənətkar Bülbül də ilk təhsilini bu məktəbdə alıb. Bahadırın bir xanəndə kimi püxtələşməsində şübhəsiz ki, atası ilə yanaşı, Molla İbrahimin böyük rolu olur. Eyni zamanda o, öz çalışqanlığı sayəsində də bu sənətin elmi əsaslarını mükəmməl öyrənir.
   Bahadır artıq 20 yaşında xanəndə kimi bütün Qarabağda ad çıxarır, məclislərdə, Şuşada keçirilən Şərq konsertlərində yaxından iştirak edir. Tez-tez Şəkiyə, Şamaxıya , Gəncəyə, İrəvana, Tiflisə, hətta İranın musiqi məclislərinə dəvət olunur. Onun geniş səs diapazonu olub. Muğamları pəsdə və zildə asanlıqla oxuya bilib. Əruzun dərin bilicisi, həmçinin bir sıra təsniflərin yaradıcısı və ilk ifaçısı (“Ay qara qız”, “Uca dağlar”) kimi tanınıb.
   Musiqi tədqiqatçısı Firudin Şuşinski araşdırmalarında yazır ki, o, Qarabağ məktəbinin ifaçılıq qaydalarına ciddi riayət edib. Guşəxanlıqda, söz seçməkdə, qəzəlxanlıqda usta olub. Şaqraq və qaltanlı səsi çox uzaq məsafədən eşidilib. Deyilənlərə görə, bir gün Bahadır Mehralı oğlu Şuşada Çanaqqala deyilən yerdə “Qarabağ” şikəstəsi oxuyur. Həmin vaxt şəhər bulvarında çıxış edən Xan Şuşinski bunu eşidir. Onun səsinə səs verərək “Qarabağ” şikəstəsini oxuyur. Aralarındakı uzaq məsafəyə baxmayaraq, hər iki xanəndə səs-səsə verib zəngulə vurur...
   Bahadır Mehralı oğlu görkəmli sənətkarlar Cabbar Qaryağdı oğlu, Keçəçioğlu Məhəmməd, Seyid Şuşinski, İslam Abdullayev, Musa Şuşinski, Xan Şuşinski, Pəsxan Cəlil, tarzənlərdən Abbasqulu Ağa, İsi Əliyev, Allahyar Cavanşirov, qarmonçalanlardan Lətif Əliyev, Abutalıb Kərbəlayı Muxtar oğlu, Yusif Yusifovla sənət yoldaşı olub. Dəfələrlə Zaqafqaziya respublikalarında təşkil olunan musiqi və xalq yaradıcılığı müsabiqələrində fəxri fərman və mükafatlara layiq görülüb. 1936-1945-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının solisti olub.
   Qeyd edək ki, görkəmli sənətkarın müəllimlik fəaliyyəti də maraq doğurur. Ağdamda hələ musiqi məktəbi olmadığı bir dövrdə (1930) şəhər pionerlər evinin nəzdində xanəndəlik dərnəyi təşkil edir. Şəhərə yaxın kəndlərdən istedadlı uşaqları dərnəyə toplayır. Bununla da demək olar ki, Ağdamda ilk musiqi məktəbinin təməlini qoyur. Görkəmli sənətkar ahıl çağında da müəllimlik etmək və yeni-yeni muğam ifaçıları yetişdirmək həvəsindən düşmür. 1958-ci ildə Ü.Hacıbəyli adına Ağdam orta ixtisas musiqi məktəbində xanəndəlik sinfində muğamdan dərs deyir. Xeyli sayda musiqiçilər yetişdirir. Onlardan Əbülfət Əliyev, Qədir Rüstəmov, Aydın Məmmədov, Barat Fərhadov və başqalarının adını çəkə bilərik. Belə qeyd olunur ki, Sara Qədimova, Mütəllim Mütəllimov, Hacıbaba Hüseynov, Fatma Mehralıyeva, Rəhilə Həsənova, Şövkət Ələkbərova, Şahmalı Kürdoğlu kimi görkəmli müğənni və xanəndələrimiz Bahadır Mehralı oğlunun muğam yolundan bəhrələniblər.
   Əlbəttə, bütün bunlar əsas verir deyək ki, Bahadır Mehralı oğlu, doğrudan da, sənətdə öz yolu olan xanəndə olub. Musiqi mədəniyyətimizin inkişafında mühüm xidmətlər göstərib. Görkəmli sənətkar ömrünün səksəninci payızında (1962) Ağdamda dünyasını dəyişib.
   
   Savalan Fərəcov







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar