Oktyabrın 20-21-də Moskvada vokalçıların Müslüm Maqomayev adına II beynəlxalq müsabiqəsi keçirilib. Rusiyanın ən iri konsert zallarından olan “Krokus Siti Holl”da gerçəkləşən müsabiqə böyük müğənninin anadan olmasının 70 illiyinə həsr edilib.
SSRİ Xalq artisti Tamara Sinyavskayanın sədrlik etdiyi münsiflər heyətində Rusiya, Azərbaycan, İtaliya və Latviyadan aparıcı opera solistləri, görkəmli incəsənət xadimləri və musiqiçilər təmsil olunublar. Onların arasında SSRİ və Azərbaycanın Xalq artisti Fərhad Bədəlbəyli də olub.
Müsabiqədə Azərbaycan, ABŞ, Rusiya, Almaniya, Monqolustan, Şimali Koreya, Ukrayna və Belarus nümayəndələri iştirak ediblər. Onlar dahi müğənninin repertuarından mahnılar, opera və estrada əsərləri ifa ediblər.
Müsabiqənin seçim mərhələsində 200-dən çox ifaçı iştirak edib. 17 vokalçının qatıldığı yarımfinal mərhələsində finala 10 nəfər vəsiqə qazanıb. Müsabiqədə ölkəmizi təmsil edən Xəyyam Mustafayev finala çıxa bilməyib.
Müsabiqənin Qran-pri mükafatına Özbəkistan nümayəndəsi, bas-bariton Jenisbek Piyazov layiq görülüb. Birinci mükafatın laureatı Rusiyalı Sergey Plyusnin olub.
Konsertin yekun hissəsində xüsusi dəvət edilmiş qonaq, tanınmış Azərbaycan bəstəkarı və müğənnisi Emin Ağalarov “My Way” mahnısını ifa edib.
Təntənəli mükafatlandırma mərasimindən sonra münsiflər heyətinin sədri Tamara Sinyavskaya vokalçıların müsabiqəsinin təşkilinə və keçirilməsində köməy olan və müsabiqədə iştirak edən hər kəsə minnətdarlığını bildirib, onlara yaradıcılıq uğurları arzulayıb.