İyirminci yüzillikdə milli musiqi mədəniyyətimizi təkrarsız əsərləri ilə zənginləşdirən böyük sənətkarlar yaşayıb. Şöhrəti ölkələr dolaşan bənzərsiz sənətkarlardan biri də Azərbaycanın və SSRİ-nin Xalq artisti, Dövlət mükafatı laureatı Fikrət Əmirovdur. Bu il görkəmli bəstəkarın anadan olmasının 90 ili tamam olur. Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən Fikrət Əmirovun yubileyi təntənəli şəkildə qeyd ediləcək.
   
   Fikrət Məşədi Cəmil oğlu Əmirov 1922-ci il noyabrın 22-də Gəncə şəhərində anadan olub. İndiki Bakı Musiqi Akademiyasında dahi bəstəkar Üzeyir Hacıbəyli və Boris Zeydmanın sinfində oxuyub. Gəncə Filarmoniyasının (1942-43) və M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının (1947) bədii rəhbəri, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru (1956-59) vəzifələrində çalışıb.
   Ömrünü milli musiqimizin inkişafına həsr edən sənətkar daim yaradıcılıq axtarışında olub, musiqi sənətimizə yeni nəfəs, yeni çalarlar gətirib. Keçmiş SSRİ-nin korifey bəstəkarları ilə bir sırada yer alıb. Rəngarəng yaradıcılığı Sovet İttifaqının hər yerində, eləcə də dünyanın bir çox ölkələrində geniş tanınıb, böyük dinləyici auditoriyasının hörmət və məhəbbətini qazanıb.
   Fikrət Əmirov yaradıcılığı geniş, bədii maraq baxımından çoxcəhətlidir. Musiqidə elə bir janr yoxdur ki, bəstəkar ona müraciət etməmiş olsun. O, opera, balet, simfoniya, simfonik muğam, simfonik poema, süita, musiqili komediya, mahnı və romanslar müəllifidir. Xəlqilik, incəsənətimizin nəcib ənənələrinə əsaslanan pafos və humanizm ruhu, incə lirizm, səmimilik və emosionallıq onun musiqisinin gözəl xüsusiyyətidir. Mütəxəssislər haqlı olaraq qeyd edirlər ki, Fikrət Əmirov musiqisinin böyük şöhrət tapmasının əsas səbəblərindən biri onun dərin milli köklərə bağlılığıdır.
   Bəstəkarın əsərlərində milli musiqi mədəniyyətinin ilk mənbələrinə yaxınlıq və folklor musiqisinin klassik formalarla sintezi Üzeyir Hacıbəyli ənənələrinin davamı kimi səciyyələndirilir. Fikrət Əmirov xalqın musiqi dilini, musiqi təfəkkürünü çox gözəl bilib, eyni zamanda, onu öz üslubunun elementinə çevirib. Təsadüfi deyil ki, dahi bəstəkar Dmitri Şostakoviç onun yaradıcılığından bəhs edərək yazıb: “Fikrət Əmirov musiqisinin canı melodiyadadır”.
   Görkəmli bəstəkarı həm simfonik orkestr üçün musiqi, həm də səhnə musiqisi cəlb edib. Onun səhnə musiqisi sahəsində ilk addımları “Ürəkçalanlar” və “Gözün aydın” operettalarıdır. Bu əsərlər onun parlaq və geniş musiqi xarakteristikasını nümayiş etdirir. Buna görə də, operettalarındakı bir çox mahnılar melodiyasının zənginliyinə, səmimiliyinə və milli zəminə bağlılığına görə geniş yayılıb, şöhrət qazanıb.
   Araşdırmalarda göstərilir ki, yaradıcılığında mühüm yer tutan simfonik əsərlərdə müəllifin fərdi, məxsusi üslubu aydın şəkildə özünü göstərir. Simli orkestr üçün yazdığı “Nizami” simfoniyası onun ən uğurlu əsərlərindən biridir. Simfoniyada dahi Nizaminin ümumiləşmiş obrazı yaradılıb. Bəstəkar bu simfoniyadan sonra süitalar, rapsodiyalar, simfonik muğam kimi yeni formalı əsərlər yazır. 1948-ci ildə “Şur” və “Kürd ovşarı” simfonik muğamlarını yaradır. Çox keçmir, şöhrəti bütün Sovet İttifaqına yayılır, bəstəkar Dövlət mükafatına (1949) layiq görülür. Bu simfonik muğamlar, eyni zamanda, milli simfoniyamızı dünya incəsənətinin geniş meydanına çıxarır. Dünyanın məşhur dirijorlarından Leopold Stokovski Boston Filarmoniyası orkestrinin ifasında “Şur” və “Kürd ovşarı” muğamlarına dirijorluq edib. Tezliklə Fikrət Əmirovun adı xaricdə də məşhurlaşır. “Şur” simfonik muğamı Bolqarıstanda Sofiya Dövlət Filarmoniyasında, Belçikanın, Fransanın, ABŞ-ın konsert salonlarında ifa olunur.
   Dahi bəstəkar Qara Qarayev onun simfonik muğamları haqqında yazır: “Fikrət Əmirovun yaradıcılığının məziyyəti ondadır ki, o, xalq dühasının əsrlərlə yaratdığı bütün xüsusiyyətləri saxlamaqla bərabər, muğamlara yeni məzmun verə bilmişdir. Ölməz musiqi poemaları onun təsvirində yeni şəkildə səslənir. F.Əmirov öz vəzifəsini dərindən dərk edərək, zəngin məzmunlu, xəlqi, orijinal formalı simfonik əsərlər yaratmışdır”.
   Fransanın “Disk” musiqi jurnalında bəstəkarın simfonik muğam yaradıcılığına belə qiymət verilmişdi: “Şur” muğamında musiqi sənətinin bütün böyük əsərlərinə xas əzəmət və həqiqət vardır”. “Sovetskaya muzıka” jurnalında “Sovet musiqisi Fransa və Belçikada” məqaləsində qeyd olunur ki, Fikrət Əmirovun “Şur” simfonik muğamı bu ölkələrdə yüksək qiymət almışdır. “Nyu-York Tayms” qəzeti də ABŞ-da Fikrət Əmirovun “Şur” simfonik muğamının qrammofon valının buraxılmasını xəbər verib. Bu fakt dahi bəstəkarın simfonik muğamlarının böyük şöhrət qazandığını bir daha təsdiq edir.
   Ötən əsrin 50-ci illərində Fikrət Əmirov fortepiano üçün iki süita yazır. Xalq musiqisinə daim istinad edən, onu müxtəlif forma və janrlarda təcəssüm etdirən bəstəkar 1950-ci ildə dördhissəli “Azərbaycan” simfonik süitasını yazır. Onun ardınca Cəfər Cabbarlının eyniadlı pyesi əsasında “Sevil” operasını yazır. Əsərin tamaşaya qoyulması (1953) Azərbaycanın musiqi həyatında böyük hadisə olur. 1953-cü il oktyabrın 8-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında tamaşaya ictimai baxış keçirilir. 1955-ci il mayın 8-də opera redaktə edilərək tam şəkildə yenidən tamaşaya qoyulur.
   “Sevil” müasir mövzuda yazılan ilk milli lirik opera kimi Azərbaycanın musiqi tarixinə daxil olur. 1959-cu ildə “Muzıkalnaya jizn” jurnalı bu əsər haqqında yazıb: “Fikrət Əmirovun “Sevil” operasını Sovet İttifaqının bir çox şəhər və respublika teatrlarında tamaşaya qoymaq lazımdır”.
   Bəstəkarın geniş çeşidli yaradıcılığında vokal janrının da özünəməxsus yeri var. O, mahnı və romanslarında həmişə lirikaya üstünlük verib. Bəstəkar üç romans və müxtəlif janrda iyirmi beşdən artıq mahnı yazıb. “Gülüm”, ”Kor ərəbin mahnısı” və “Gülərəm gülsən” mahnıları yüksək lirikanın parlaq ifadəsidir.
   Görkəmli sənətkar ötən əsrin 60-cı illərində ictimai işlərdə daha çox fəallıq göstərir. Beynəlxalq konqres, simpozium, konfrans, qurultay və plenumlarda yaxından iştirak edir.
   70-ci illərdə “Nəsimi” vokal xoreoqrafik poemasını, simfonik orkestr üçün “Azərbaycan qravürləri”ni yazır. “Gülüstan-Bayatı-Şiraz ” (1971) simfonik muğamını yaradır. Əsər 1973-cü ildə Moskvada keçirilən VII Beynəlxalq musiqi konqresində ifa olunur, dinləyici və tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılanır.
   1979-cu ildə Fikrət Əmirov “Min bir gecə” nağılları əsasında eyniadlı baleti yazır.
   Əsər Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında tamaşaya qoyulur. Dahi bəstəkar “Min bir gecə” baletinə görə Dövlət mükafatına layiq görülür.
   1982-ci ilin may ayında Fikrət Əmirov musiqinin inkişafı sahəsində görkəmli xidmətlərinə görə SSRİ-nin ali yüksək təltifinə - Sosialist Əməyi Qəhrəmanı adına layiq görülür.
   Hələ gənc yaşlarından Nizami poeziyasına olan marağı bəstəkarın yaradıcılığında xüsusi yer tutur. O, “Nizami” simfoniyası ilə kifayətlənməyərək dahi şairin həyat və yaradıcılığını əks etdirən balet üzərində gərgin işləyir və 1984-cü ilin yanvarında “Nizami” baletini tamamlayır.
   Görkəmli sənətkar elə həmin il, yaradıcılığının coşqun çağında dünyasını dəyişir. Bu, Azərbaycan mədəniyyətinə böyük itki idi. Lakin bəstəkarın yaratdığı ölməz musiqi əsərləri onun adını əbədiyyətə daşıyıb və o, milli musiqi sənətimiz yaşadıqca yaşayacaq.
   
   Savalan Fərəcov







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar