Dahi sənətkarın 115 illik yubileyi təntənəli şəkildə qeyd olundu
Xəbər verdiyimiz kimi, Mədəniyyət və Turizm Nazirliyi və Bülbül Fondunun təşkilatçılığı ilə Bakıda Vokalçıların Bülbül adına VI Beynəlxalq Müsabiqəsi keçirilib. Azərbaycan professional vokal sənətinin banisi, böyük müğənni, pedaqoq və musiqişünas alim, ictimai xadim, SSRİ Xalq artisti, Dövlət mükafatları laureatı, professor Bülbülün anadan olmasının 115 illiyinə həsr edilən sənət yarışmasına 14 ölkədən 60-dan çox vokalçı qatılmışdı. Üç turdan ibarət müsabiqənin beynəlxalq münsiflər heyətinə məşhur müğənni, Rusiyanın Xalq artisti Sergey Leyferkus rəhbərlik edirdi.
Noyabrın 4-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında görkəmli sənətkarın 115 illiyinə həsr olunmuş gecə və Vokalçıların Bülbül adına VI Beynəlxalq Müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirildi. Tədbir iştirakçıları əvvəlcə Filarmoniyanın foyesində görkəmli müğənninin həyat və fəaliyyəti haqqında Musiqi Mədəniyyəti Dövlət Muzeyinin hazırladığı sərgi ilə tanış oldular.
Mərasimi mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev açaraq iştirakçıları dahi Bülbülün adını daşıyan sənət bayramı münasibətilə salamladı. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin növbəti xidməti səfərdə olduğunu deyən Ədalət Vəliyev onun salamlarını da mərasim iştirakçılarına çatdırdı.
Nazir müavini Azərbaycanın möhtəşəm mədəniyyət tədbirlərinə uğurla ev sahibliyi etdiyini bildirərək son 6-7 ayda keçirilən tədbirlərin rəngarəngliyinə və coğrafiyasına nəzər saldı. “Eurovision” mahnı müsabiqəsi, Qəbələ Beynəlxalq Musiqi Festivalı, Üzeyir Hacıbəyli adına Beynəlxalq Musiqi Festivalı, Beynəlxalq Caz Festivalı ilə yanaşı, bir sıra xarici ölkələrdə keçirilən Azərbaycan Mədəniyyəti Günləri, xalqımızın dahi sənətkarlarının dövlət səviyyəsində keçirilən yubileylərini əlamətdar mədəniyyət hadisələri kimi dəyərləndirdi.
“Bütövlükdə bu gün Azərbaycan Bülbül işığına yığışıbdır”,- deyən Ədalət Vəliyev ötən həftə (31 oktyabr) Bakıda görkəmli sənətkarın abidəsinin açılışı mərasimində Azərbaycan Prezidenti İlham Əliyevin şəxsən iştirak etdiyini xatırlatdı, bunun xalqımızın milli mədəniyyətinə dövlət başçısı tərəfindən göstərilən böyük diqqət və qayğının bariz nümunəsi olduğunu bildirdi.
Nazir müavini 15 il öncə əsası qoyulan və artıq ənənə halını alan müsabiqənin bu il Bülbülün 115 illiyinə təsadüf etdiyini bildirdi. Beynəlxalq sənət yarışmasının gənc vokalçıların üzə çıxarılmasında xüsusi əhəmiyyəti olduğunu deyən nazir müavini çıxışını bu sözlərlə bitirdi: “Bu gün sizlər yeni səslərlə tanış olmaq imkanı qazanacaqsınız. Fürsətdən istifadə edib müsabiqənin qaliblərini, diplomantlarını, təşkilatçılarını bu gözəl bayram münasibətilə təbrik etmək istəyirəm. Azərbaycan musiqi mədəniyyətinin inkişafında heyrətamiz, titanik əmək sərf edən, SSRİ Xalq artisti, Azərbaycan professional vokal sənətinin banisi, böyük Bülbül 50 ildir sıralarımızda olmasa da, xatirələrdə, mahnılarda, nəğmələrdə yaşayır və bundan sonra da yaşayacaq”.
Sonra Bülbülün sənət aləmindən videolentlər nümayiş olundu. Ölməz müğənninin ifasında Asəf Zeynallının “Ölkəm” romansı, Üzeyir Hacıbəylinin “Koroğlu” operasından Koroğlunun ariyası səsləndi. Əməkdar artistlər Şövqü Hüseynov və Mehriban Zəki sənətkara həsr olunmuş şeirlər söylədilər. Əməkdar artistlər Malik Mansurov (tar) və Elşən Mansurovun (kamança) müşayiəti ilə gənc ifaçı Mirpaşa Şükürovun ifasında “Qarabağ şikəstəsi” gecəyə xüsusi rəng qatdı.
Sonra səhnəyə Vokalçıların Bülbül adına VI Beynəlxalq Müsabiqəsinin münsiflər heyəti və qaliblər dəvət olundular.
Bülbül Fondunun prezidenti, Azərbaycanın Rusiya Federasiyasındakı səfiri, Xalq artisti, professor Polad Bülbüloğlu çıxış edərək bildirdi ki, Bülbül adına birinci beynəlxalq müsabiqə görkəmli müğənninin 100 illiyi ərəfəsində, 1997-ci ildə mədəniyyətimizin böyük təəssübkeşi, xalqımızın ümummilli lideri Heydər Əliyevin müvafiq sərəncamı ilə keçirilib və o vaxtdan müsabiqə ənənə halını alıb.
O, əvvəlki müsabiqələrdən fərqli olaraq, budəfəki sənət yarışması çərçivəsində ilk dəfədir ki, vokalçıların yarmarkasının təşkil olunduğunu, müsabiqənin coğrafiyasının daha da genişləndiyini diqqətə çatdırdı. Azərbaycan xalqının və dövlətinin dahi sənətkarın xatirəsinə göstərdiyi hörmət və ehtiramı məmnunluqla qeyd etdi: “Bir neçə gün əvvəl Bakı şəhərində Bülbülün abidəsinin açılışı oldu. Mən bu fürsətdən istifadə edərək möhtərəm Prezidentimiz İlham Əliyevə həm ailəmiz adından, həm də musiqiçilərin, qarabağlıların adından dərin təşəkkürümü bildirmək istəyirəm. Çünki Bülbül bu gün Qarabağın səsidir, bizim hamımız üçün böyük bir təsəllidir. Mən inanıram ki, hörmətli Prezidentin rəhbərliyi altında Şuşa azad olunacaq, şəhər işğal olunarkən ordan çıxarılan, bu gün Bakıda, Milli İncəsənət Muzeyində saxlanılan abidələr yenidən öz yerində, Şuşada ucaldılacaq”.
Müsabiqənin keçirilməsində əməyi olan hər kəsə, xüsusilə mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə, nazirliyin bütün işçilərinə, Azərbaycan Dövlət Filarmoniyasının rəhbərliyinə və kollektivinə dərin təşəkkürünü bildirən Polad Bülbüloğlu sənət yarışmasının qaliblərini təbrik etdi, gənc vokalçılara uğurlar dilədi.
Beynəlxalq münsiflər heyətinin sədri, professor Sergey Leyferkus tədbirin yüksək səviyyədə təşkil olunduğunu bildirdi. O, böyük musiqi tarixi yaradan, bütün istedadını, zəhmətini həm Azərbaycanın, həm də dünya mədəniyyətinin inkişafına həsr edən dahi sənətkar Bülbülə həsr edilmiş müsabiqəni nadir mədəniyyət hadisəsi kimi dəyərləndirdi. Müsabiqənin bu dəfə də yeni səslər, yeni vokalçıların üzə çıxarılmasında xüsusi rolu olduğunu bildirərək qalibləri təbrik etdi. Bildirdi ki, builki müsabiqənin qalibləri gələcəkdə böyük konsert salonlarında öz ifaları ilə insanlara sevinc bəxş edəcəklər.
Sonra qaliblərin adları açıqlandı. Müsabiqənin Qran-pri mükafatını Türkiyə təmsilçisi Dəniz Yetim qazandı. Birinci yerə Yusif Eyvazov (Azərbaycan), ikinci yerə İrina Bojenko (Rusiya), üçüncü yerə Olqa Kulçinskaya (Ukrayna), dördüncü yerə isə Darya Knyazeva (Ukrayna) və Valentin Anekin (Rusiya) layiq görüldülər. Müsabiqə iştirakçılarına müxtəlif nominasiyalar üzrə diplom və mükafatlar da verildi. Xalq mahnısının ən yaxşı ifasına görə diplom və mükafat Afaq Abbasovaya (Azərbaycan), Azərbaycan Musiqi Xadimləri Cəmiyyətinin təsis etdiyi “Ümid” mükafatı isə Aytac Şıxalizadəyə təqdim olundu.
Tədbir müsabiqə laureatlarının və Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin birgə konserti ilə başa çatdı.
Təranə Vahid