Xalq artisti, Azərbaycan Milli Konservatoriyasının “Solo oxuma-xanəndəlik” kafedrasının müdiri, professor Arif Babayev muğam ifaçılığının, xanəndə sənətinin inkişafında, milli muğamların təbliğində böyük xidmətləri olan qüdrətli sənətkarlardan biridir.
   
   Arif Babayev ustad sənətkarlığı, gözəl səsi və ifa üslubu, şəxsiyyəti və səmimiyyəti ilə xalq arasında, musiqi ictimaiyyətində böyük hörmət və nüfuz qazanmışdır. A.Babayev görkəmli muğam sənətkarı, opera artisti olmaqla yanaşı, görkəmli muğam müəllimi kimi də şöhrətə və nüfuza malikdir. “Səhnəmizin Məcnunu” kimi tarixə düşməsi neçə-neçə gənc ifaçı nəsillərə örnək olmuş, onların böyük sənətə gəlməsinə zəmin yaratmışdır.
   Otuz ilə yaxın müəllim işlədiyi dövrdə ifaçılığın ənənələrini, muğamın dərin məziyyətlərini gənclərə öyrətmiş, professional muğam sənəti üçün onlarla gənc istedadlı ifaçı yetişdirmişdir. A.Babayevin ixtisas sinfini bitirən məzunlar artıq böyük sənət yolunda püxtələşmiş istedadlı xanəndələr kimi tanınır, sevilirlər. Onların müxtəlif festival və müsabiqələrdə qazandıqları uğurlar, milli musiqimizi respublikada və xaricdə təbliğ etmələri hamımızı, ilk növbədə isə tələbələri üzərində böyük zəhməti olan ustadı qəlbən sevindirir.
   Arif Babayevin sənət zirvəsini fəth etmiş yüksək səviyyəli professional ifaçılığı Azərbaycan milli musiqisi üçün həm də onunla qiymətlidir ki, sənətkarın üslubu, yolu, repertuarı qədim Qarabağ muğam məktəbini, bu məktəbin möhtəşəm, dəyərli, özünəməxsus ənənələrini yaşadır, gənclərə öyrədir.
   Şübhəsiz ki, Arif Babayev haqqında bu fikirlər onu tanıyanların hamısına məlumdur. Lakin Arif Babayevin bir professional muğam sənətkarı kimi çoxlarına məlum olmayan yaradıcılığı da var. Bu, Arif Babayevin mahnı və təsnif yaradıcılığıdır.
   Sənətkarın ifaçılığı, müəllimliyi kimi, mahnı və təsnif yaradıcılığı da milli musiqimiz üçün eyni dərəcədə qiymətlidir. O, xalq mahnı və təsnif yaradıcılığını, xanəndələrin repertuarını onlarla yeni və gözəl nümunələrlə zənginləşdirmişdir. Bu mahnı və təsniflərini onun öz ifasından, yaşlı, orta və gənc nəsil xanəndələrdən dəfələrlə dinləsək də, təəssüf ki, müəllifin Arif Babayev olduğunu bilməmişik.
   Yeri gəlmişkən, Azərbaycanın şifahi ənənəli professional musiqi ifaçıları olan ustad xanəndələrin böyük əksəriyyəti mahnı və təsnif yaradıcılığına malikdirlər: Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, Xan Şuşinski, Mirzə Məhəmmədhəsən, Hacıbaba Hüseynov, Əbülfət Əliyev, Əlibaba Məmmədov... Onların yaratdıqları, müəllifi olduqları mahnı və təsniflər isə zaman-zaman ifaçıların repertuarında oxunmuş, xalqın yaddaşına, qəlbinə əbədi yol tapmış və elə “xalq musiqisi” adı ilə də kitablara, not məcmuələrinə, tədris proqramlarına, repertuarlara daxil olmuş, lentə, disklərə yazılmışdır. Öz ustad sələfləri kimi A.Babayev də dəyərli yaradıcılığı ilə xalq mahnı və təsnif irsimizi xeyli zənginləşdirmiş, mahnı, təsnif və muğam ifaçılığının inkişafına öz qiymətli töhfəsini vermişdir.
   Bu günlərdə Azərbaycan Milli Konservatoriyası gözəl və xeyirxah təşəbbüs göstərərək, xanəndənin mahnı və təsniflərinin bir neçəsini not məcmuəsi şəklində nəşr etdirmişdir. Məcmuə “Arif Babayevin mahnı və təsnifləri” adlanır. Sənətkarın müxtəlif illərdə yaratdığı mahnı və təsniflər milli konservatoriyanın müəllimləri - Əməkdar incəsənət xadimi, bəstəkar Faiq Nağıyev və Əməkdar müəllim, sənətşünaslıq namizədi, professor Malik Quliyev tərəfindən nota yazılmış və tərtib olunmuşdur. “Təhsil” nəşriyyatında nəfis şəkildə işıq üzü görən not məcmuəsinin redaktoru Əməkdar müəllim, professor Rafiq Musazadədir. Bu nəcib işin məsləhətçisi görkəmli muğam ifaçısı, Xalq artisti, professor Mənsum İbrahimovdur. Nəşr Təhsil Nazirliyinin müvafiq əmri ilə ali və orta ixtisas musiqi məktəbləri üçün dərs vəsaiti kimi təsdiq edilmişdir.
   Dərs vəsaitinə Arif Babayevin bəstələrindən on mahnı və təsnif daxildir: ”Eşqin göylərində uçan bir quşam” (söz. A.Cəfərovun), “Ey mənim məhəbbətim” (söz. R.Kərimlinin), “Gəl məni aldatma, gözəl bəxtəvər” (söz. C.Qaryağdıoğlunun), “Tar-kamanım, gəl-gəl”, “Əzizinəm, çən düşməz”, “Gəl-gəl, maralım, gəl”, “Gəncədən fayton gəlir”, “Qara telin incə belə”, “Samovarın xəkəsi”, “Yanıram eşq oduna, gəl” (sözləri xalq bayatısı). Mahnı və təsniflər A.Babayevin ifasında Əhsən Dadaşovun və Ağasəlim Abdullayevin rəhbərliyi ilə xalq çalğı alətləri ansambllarının müşayiətindən, Ə.Sədiyev və X.Məmmədovun müşayiətilə Xalq artisti Zabit Nəbizadənin və gənc xanəndə Nasir Ətapurun ifasından nota yazılmışdır.
   A.Babayevin mahnı və təsniflərinin nota yazılması sənətkarın müəlliflik hüququnun tanınması üçün çox əhəmiyyətlidir. Bu qiymətli dərs vəsaiti münasibətilə Arif Babayevi, onun hazırlanmasında və nəşrində zəhməti olanları təbrik edir, qüdrətli xanəndənin digər mahnı və təsniflərinin də nota yazılmasını və nəşrini səbirsizliklə gözləyirik.
   
   Ariz Abduləliyev,
   Bakı Musiqi Akademiyasının dosenti, musiqişünas







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar