Xəbər verdiyimiz kimi, noyabrın 22-dən Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə böyük Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti, SSRİ və Azərbaycanının Dövlət mükafatları laureatı Fikrət Əmirovun anadan olmasının 90 illik yubileyinə həsr edilmiş musiqi festivalı keçirilir.
   
   Festival çərçivəsində noyabrın 23-də Azərbaycan Dövlət Filarmoniyasında Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin konserti olub. Orkestrin bədii rəhbəri və baş dirijoru Xalq artisti Teymur Göyçayevdir. Əməkdar artist Aleksey Miltıxın (cello), beynəlxalq və respublika müsabiqələr laureatı Ümidə Abbasovanın (violin), Əməkdar artist Anar Şuşalının (tenor) və respublika müsabiqələr laureatı, Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdi İsmayıl Zülfüqarovun (tar) ifalarında Fikrət Əmirovun “Üzeyir Hacıbəyliyə ithaf”, “Poema-monoloq”, “Nizaminin xatirəsinə simfoniya”, “Muğam poema”, “Elegiya” əsərləri, “Min bir gecə” baletindən parçaları, “Gülərəm, gülsən”, “Mən səni araram” mahnıları və s. musiqilər səsləndirilib.
   * * *
   Noyabrın 24-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında bəstəkarın “Min bir gecə” baletinin tamaşası olub. Baletin quruluşçu baletmeysteri Əməkdar incəsənət xadimi Nailə Nəzirova, quruluşçu rəssamı, görkəmli fırça ustası, Xalq rəssamı Toğrul Nərimanbəyovdur. Tamaşaçıları bir anlıq qədim Şərqə aparan bu möhtəşəm baletdə əsas rolları Xalq artisti Kamilla Hüseynova, aktyorlar Anar Mikayılov, Elmira Mikayılova və başqaları oynayıblar. Uğurla keçən tamaşaya Əyyub Quliyev dirijorluq edib.
   * * *
   Noyabrın 25-də Opera və Balet Teatrının səhnəsində Fikrət Əmirovun görkəmli dramaturq Cəfər Cabbarlının eyniadlı dramı əsasında yazdığı “Sevil” operası nümayiş etdirilib. Tamaşanın bədii rəhbəri Xalq artisti, professor Fərhad Bədəlbəyli, musiqi rəhbəri və dirijoru Əyyub Quliyev, quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, quruluşçu rəssamı Əməkdar rəssam Tahir Tahirovdur. Əsas rolları Xalq artisti Azər Zeynalov, əməkdar artistlər Zemfira İsmayılova, Gülnaz İsmayılova, Səbinə Vahabzadə və başqaları oynayıblar.
   * * *
   Noyabrın 26-27-də “Fikrət Əmirov-90” musiqi festivalı çərçivəsində Azərbaycan Dövlət Filarmoniyasında daha iki konsert proqramı təqdim edilib. Dövlət Simfonik Orkestrinin (dirijor Fəxrəddin Kərimov) və Dövlət Simfonik Xalq Çalğı Alətləri Orkestrinin (dirijor Ağaverdi Paşayev) konsertləri maraqla qarşılanıb.
   Festival noyabrın 30-da yekunlaşacaq.






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar