Mustafazadə Vaqif! Bütün səslər fəlsəfəsinə vaqif. Keçmişlərdən qoca, gələcəklərdən gənc Vaqif. Milli məqsədinə çox gec, amma çox güc çatacağını lap ilk notlardan bilən arif, şimşək-infarkta qədər sənətinə qarşı yönəldilən bütün ildırımları baiskarların özləri üçün “avtobumeranq”a çevirmiş müəllif...
O özündən çox, “özgələr” üçün əkib-becərən, yalnız sənət büdcəsinə işləyən “iş adamı”, yeniliklər, orijinallıqlar təsərrüfatı “fermer”i idi. Ona sənət altruisti də demək olardı. Yəni hər tərəfdə dayanıb heç bir tərəfə qarşı çıxmadan beynəlxalq sənət ordusuna qoşulub, tezliklə də ümumdünya sənət generalitetinə daxil edilən böyük mədəniyyət əsgəri!
Nikbin və bədbin adaş-rəqəmlər...
Biri - 16 mart, o biri - 16 dekabr. Əvvəlki 1940-da, sonrakı 1979-da. Birinin ünvanı İçərişəhər, o birininki məzar...
Nağıla bənzətsək, o heç qırxıncı qapıya da yetişə bilmədi. Amma ağıla vursaq, bu yaşda gedib dünyanın o başına yetdi.
O, anadan olanda Bakı - bayır şəhər İttifaq “ansambl”ı daxilində II Dünya müharibəsinə hazırlaşır, vurhay neft çıxarır, “urra!” sədalı sosialist əməyi yarışları keçirir, sosializm “yallı”larına qol götürüb kommunizmə doğru yol gedirdi. Bu proletar şəhərinin bir qədər elitar-utilitar İçərişəhəri isə öz Vaqif doğumu ilə irəlidəki müharibənin gələcək qənimətlərindən az qiymətli və önəmli olmayan əbədi bir mədəniyyət fontanı vurmasından, humanitar qələbə bünövrəsi qoymasından xəbərsiz idi.
Onun bu dünyaya gəlişilə paralel, İçərişəhərin “dardalan”, “tin”, “bıçaq”, “qədeş”, “cayıl”, “zorxana” və s. kimi məhəlli jarqonlar arsenalına “caz” adlı dünyəvi bir termin də gəlişirdi. Bu qədim, çadralı, yarı “aerodrom”, yarı motalpapaq, hasar-basarlı iç şəhərin adamları, bayır şəhərin “stilyaqa”larına, yerli və gəlmə yekəxanalarına, intelligentlərinə yendirmək istəməyən qeyrətli cayılları bir də onda ayıldılar ki, çöl şəhər, gen dünya artıq onların “məhəllə uşaqları”ndan birinə sayğıda, sözün böyük mənasında yenməkdədirlər. Gördülər ki, onların bütöv bir planet hesab etdikləri qala divarları bu məhəllə uşağına darlıq edir.
Baxdılar ki, bu qonşu gedir. “Əldən gedir” mənasında yox - sənət “qoçu“luğuna, milli şöhrət ovçuluğuna gedir. Bu getməklər onun 18 yaşından - Asəf Zeynallı adına Musiqi Məktəbinə qədəmlərindən, sonra da bir-birinin ardınca yaradıb başçılıq etdiyi “Orero\" ansamblından, “Qafqaz” caz üçlüyündən, “Leyli”, “Sevil” qadın vokal-instrumental, “Muğam” instrumental ansambllarından başlamışdı.
Sonralar çəkiləsi bir filmin (“Bir cənub şəhərində”) baş və qoç qəhrəmanları olası o məhəllilər eşidirdilər ki, dillər Vaqifdən yaman danışır. Qəzetlər Qız qalasından beş yazanda, bir də Vaqif Mustafazadənin qala konsertlərindən bəhs edir. Oxuyurdular ki, “köhnə” Bəhram Mənsurov Şərq üçün kimdirsə, yeni Vaqif Mustafazadə dünya üçün odur. Odur ki, bu “obrazovannı” qonşunun evindən caz səsi gələndə daha bir az əvvəllərki kimi bir-birinə baxıb göz eləmirdilər. Həmişə onları uyudan muğam parçalarını indi onun pianinosundan eşidəndə söz eləmirdilər. Əksinə, tarixən bu parçaları dinləyərkən tərpənən başlarının “sırasına” ayaqlarını da qoşurdular. Və beləliklə, bu təkrarsız koloritli, mifik inşa-mənşəli qapalı şəhər öz stixiya-qınından çıxır və onun baniliyilə, bu gün tez-tez işlətdiyimiz ifadə ilə desək, dünyaya inteqrasiya edirdi...
Onun barlı barmaqları...
Təkcə barmaqlarımı?..
Yox, o barmaqları bara gətirən bağban könlü, çıraqban duyğuları vardı Vaqifin. Onun könlü dünyatutumlu bir “antena” timsalında idi. O, sədaları hamı kimi tutsa da, əks-sədanı yalnız özü kimi qaytarırdı. Özgə səsləri özümüzünküləşdirmək, öz ritmlərimizi özgələrə sevdirmək mahiri idi.
Deyirlər, musiqinin dili, tərcüməsi, vətəni yoxdur. Düz deyirlər. Amma bu, Vaqifə qədər beləymiş və Vaqifdən sonra da, hələlik belədir. Vaqif bu “yox”ları nisbi bir “var” ilə də varlandırdı: öz istedad elçiliyilə dünya musiqisinin ən cavan “caz” qızını Avropa vətənindən Şərq məmləkətinə gətirdi və ona səs-səda aləminin ən qədimini - muğam avazları da calayıb, sənətimizçün özgə vətənlər də fəth etdi. Vaqifə qədər “caz” sözünə “vız” eləyənlərimiz, “mız” qoyan bəzi ziyalılarımız indi onun “Şur”una, “Heyratı”sına tar-kaman dəsgahlarından azmı heyrətlənirlər?! Hətta, obraz-frazalılıqdan çox uzaq olan birisindən eşitmişəm ki: “Vaqifin cazı adamın ürəyini “cızz!” eləyir”.
Amma yaxşı, adına “caz” deyilən bu “yığma komanda”nın təsisi-təşkilatçılığında bizim bircə qəlb, bircə könül oyunçu-çalançımız da olmayıbsa, bu “cızz” məsələsi nədir belə? Deməli, məsələnin məğzi bu musiqi “esperanto”sunun tərcüman-tərcüməçiliyindədir. Vaqifin könül “laboratoriya”sının, improvizə institutunun bəşəri takt aktındadır...
Onun əlləri də əllə toxunulan, gözlə görünən obraz deyildimi? Hələ bəzi məqamlarda “tək əldən səs çıxmaz” məsəlini inkar etməsini demirəm. O əllər - realizmdə portretə, sürrealizmdə tabloya, “ifratizm”də peyzaja mövzu deyildimi? O əllər pianinonun şirmayi dil-“cücələri”nə sənət dəni səpirdi, “bülbül”lərini cəh-cəh etdirirdi, əcəl dəcəlliyindən tamamlaya bilmədiyi “Muğam” simfoniyasında “Şahnaz”ına naz, “Sevil”inə yaz çiləyirdi, Füzuli qəzəllərində nakam getmiş Leyliyə nəğməli Məcnunluq edirdi...
Onun əli... Yox, onun əllərinin əlalığından nə qədər desək də, hədəfə yetəsi deyilik. Simi dəyişək. Dəyişək və “döyüşmək” ladında deyək ki, “təkaçılan”ları ilə “qaz vurub, qazan dolduran” musiqiçilərdən fərqli olaraq, onun əli gətirmirdi. Bu xalqın klassik sənət ənənələri dəryasında özüyçün bir ada-“ansambl” yaratmağa çalışaraq, caz vurub, hələlik təkəmseyrək ürəklərə həzz doldururdu. Yuxarıdakı “iş adamı”, “fermer” bənzətmələrimə rəğmən, bu gəlirsiz təsərrüfatın məxarici az olsun deyə, süpürgəçiliyindən tutmuş - toxuculuğuna, sürücülüyünə, hörücülüyünə, hər xırda-xırmançılığına qədər hamısını özü icra edirdi. Hər yeni əsərinin akkordu da ki, rekord!..
...Ömrün akkordu isə günbəgün yaxınlaşırdı. Daşkənd qastrolunun “16 dekabr 1979-cu il hadisəsi”nə az qalırdı. Amma hələ o tarixə qədər sənət hadisələri, ona münasibət “əsər”ləri vardı.
Bu “əsər”lərdən biri bu idi ki, AzTV-nin o vaxtkı sədr-ağsaqqalı bığlarını qırxdırmayacağı təqdirdə onun ekrana çıxmasına yasaq qərarı vermişdi. Dost-tanışları danışırdılar ki, həmin yaradıcı qurum sədrinin bu “bığ senzi” “əsər”i Vaqifin əsərləri qədər “yaşayacaq”...
...Daşkənd hadisəsinə gedən “gedər-gəlməz” yola qədər hələ çox silinməz qollar vardı. Bunlardan “Tallin-66”, “Tbilisi-78”, “Monte-Karlo” festivalları idi ki, hər üçünün laureatı oldu. Biri də Monakoda (1978) keçirilən 8-ci Beynəlxalq Caz Festivalı idi ki, “Əzizəni gözləyirəm” (“Sənsiz”) musiqisinə görə birincilik mükafatı qazandı. Gün, ay, illə ölçülməyən uğurları isə daha çox oldu. O, dünya miqyasında yeni musiqi erası kimi hallandırılan caz-muğam sintezini yaratdı. Adı - özündən xəbərsiz - Azərbaycan Muğam-Caz Hərəkatının memarı çağırıldı. Saysız fortepiano konsertləri, muğam-caz kompozisiyaları yaratdı ki, onlardan ikisi cazın vətəni Amerikanı qocaman Şərq xəyalatına daldırdı. Yeni caz mizan-düzəni ilə bütün dünya zövqünü fəth elədi.
Daşkənd tərəfdən əsən hadisə yellərinin “sığalı” isə artıq onun üzündən ürəyinə keçirdi. Düşüncə, duyğu ilmələrini fortepianoya ötürən ali əllər, şirmayi barmaqlar qos-qoca istedadla süslənmiş cavan bir ömrün son akkordlarını vurmaqda idi. Milyonlarla ürəyi öyünclə döyündürən, fitrətən titrədən bir ürək, nəhayət, “16 dekabr 1979-cu il” tarixini çalıb, dayandı...
Sağlığında aldığı Əməkdar incəsənət xadimi adına ölümündən sonra Azərbaycan Dövlət mükafatı da əlavə olundu. Daha sonra isə daha böyük, “əbədi” nominasiyalı bir mükafatla təltif olundu ki, bu da - bütün yaradıcı ömrü boyu, məlum “anlamaq dərdi”ndən (R.Rza) heç də kəm olmayan anlanılmaq azarı çəkmiş bu əbədigənc dahiyə bütöv xalq məhəbbətidir.
Ondan yalnız elə o şedevrlər yox, canlı Əzizə Mustafazadə əsəri də qaldı. Hansı ki, bir zaman, neçə vaxtdır xariclərdə bizim necə sənətkarlara malik olduğumuzun növbəti bir görkü olan o qızdan beş-on günlük ayrılıq bikefliyi musiqi mədəniyyətimizə çox bonuslu bir nəf -
“Sənsiz”
şedevrini də gətirmişdi...
Ədəbiyyatda, incəsənətdə, “şanlı məktub”namələrdə “sənsiz” motivasiyalı ərzi-hallar çox olub və olacaq. Deməli, ikinci şəxsin təkləri əbədi baş qəhrəman? Bəs, birinci şəxsin - xüsusən indiki halda - cazda Birinci Şəxsin -
Təki?!.
Yəni, adam bu məqamda istərdi ki, Vaqifin avtoportret motivli belə bir əsəri də olaydı: “Mənsiz”...
Tahir Əhmədalılar