Dekabrın 14-dən 18-dək Azərbaycan Bəstəkarlar İttifaqının IX qurultayı keçirildi. Tədbirin açılış günü keçirilən mətbuat konfransında İttifaqın sədri, Xalq artisti, professor Firəngiz Əlizadə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə gerçəkləşən qurultayın proqramı haqqında məlumat verdi. Qeyd olundu ki, qurultay günlərində təşkil ediləcək konsertlərdə Azərbaycan bəstəkarlarının müxtəlif janrlarda və mövzularda əsərləri səsləndiriləcək.
   
   Həmin gün axşam Azərbaycan Dövlət Filarmoniyasında qurultayın açılış mərasimi keçirildi. Mərasimdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Azərbaycan Bəstəkarlar İttifaqının yaranması və keçdiyi inkişaf yolundan danışdı. Qeyd olundu ki, qurum 1934-cü ildə SSRİ Bəstəkarlar İttifaqının respublika şöbəsi kimi fəaliyyətə başlayıb və yarandığı vaxtdan ittifaqa Azərbaycanın tanınmış bəstəkarları rəhbərlik edib. İttifaqın peşəkar musiqiçilərin yetişməsində, Azərbaycan musiqisinin inkişafında əhəmiyyətli işlər gördüyünü vurğulayan nazir müavini qurumda bu gün də musiqimizin beynəlxalq miqyasda tanıdılması və zəngin mədəniyyətimizin təbliğinə mühüm töhfələr verdiyini bildirdi.
   İttifaqın sədri, professor Firəngiz Əlizadə bəstəkarlarımızın son illərdə qazandığı uğurlardan danışdı. Qurultayda Türkiyə, Ukrayna, Rusiya, Gürcüstan və digər ölkələrdən qonaqların iştirak etdiyini bildirdi.
   Sonra mərasim musiqi proqramı ilə davam etdi. Üzeyir Hacıbəylinin “Koroğlu” operasından uvertüra ilə başlanan simfonik konsertdə Firəngiz Əlizadə, Musa Mirzəyev, Azər Dadaşov, Cəlal Abbasov, Sərdar Fərəcov, Xədicə Zeynalova və digər bəstəkarların əsərləri səsləndi. Əsərləri Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri (dirijor Əməkdar incəsənət xadimi Fəxrəddin Kərimov), Azərbaycan Dövlət Xor Kapellası (bədii rəhbər Xalq artisti Gülbacı İmanova), solistlər - Xalq artisti Əvəz Abdullayev, Əməkdar artist Səbinə Əsədova və beynəlxalq müsabiqə laureatı Ümidə Abbasova ifa etdilər.
   * * *
   Dekabrın 15-də Bəstəkarlar İttifaqında qurultay çərçivəsində kamera musiqisi konserti, Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında isə Azərbaycan bəstəkarlarının mahnılarından ibarət konsert təqdim olunub. Dənizçilərin Mədəniyyət evində isə Musiqili Komediya Teatrının kollektivinin hazırladığı Üzeyir Hacıbəylinin “Ər və arvad” musiqili komediyası nümayiş etdirilib. Bundan əlavə, Opera və Balet Teatrında birhissəli iki baletin - Əməkdar incəsənət xadimi, professor Elnarə Dadaşovanın “Sayalı” və Xalq artisti Tofiq Bakıxanovun “Xeyir və Şər” baletlərinin premyerası keçirilib. Dekabrın 16-da Azərbaycan Dövlət Filarmoniyasında Xalq Çalğı Alətləri Orkestrinin konserti təqdim edilib. Orkestrin bədii rəhbəri və baş dirijoru Xalq artisti, professor Ağaverdi Paşayevdir.
   Dekabrın 17-də Dövlət Filarmoniyasında Qara Qarayev adına Dövlət Kamera Orkestri və Azərbaycan Televiziyası və Radiosunun C.Cahangirov adına Xoru çıxış edib.
   * * *
   Dekabrın 18-də Bəstəkarlar İttifaqının IX qurultayının yekunlarına həsr edilmiş dəyirmi masa keçirilib. Tədbirdə Özbəkistan Bəstəkarlar İttifaqının sədri Rüstəm Abdullayev, Tatarıstan Bəstəkarlar İttifaqının sədri Rəşid Kalimulin, Ukrayna Mədəniyyət Nazirliyinin İncəsənət şöbəsinin müdiri Mixail Şvet və digərləri çıxış edərək qurultay çərçivəsində təqdim edilmiş konsert proqramlarından məmnun qaldıqlarını bildiriblər.
   Qeyd edək ki, dekabrın 18-də axşam Bakı Musiqi Akademiyasının böyük zalında Azərbaycan Televiziyası və Radiosunun Niyazi adına Simfonik Orkestrinin ifasında qurultayın yekun konserti olub.
   
   Reyhan İsayeva,
   Savalan Fərəcov







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar