Görkəmli yazıçı-dramaturq Məmməd Səid Ordubadi Azərbaycan ədəbiyyatında tarixi roman janrının banisidir. O eyni zamanda mahir jurnalist və publisist, gözəl şair və tərcüməçi kimi də tanınmışdır.
Çoxşaxəli ədəbi fəaliyyətinin bir hissəsini də bir sıra məşhur opera və operettalara yazdığı librettolar təşkil edir. O, Üzeyir Hacıbəylinin “Koroğlu”, Müslüm Maqomayevin “Nərgiz”, Əfrasiyab Bədəlbəylinin “Nizami” operalarının, Fikrət Əmirovun “Ürəkçalanlar”, Səid Rüstəmovun “Beş manatlıq gəlin” musiqili komediyalarının libretto müəllifidir.
Ordubadinin musiqi dünyasına Ü.Hacıbəylinin ev-muzeyinin direktoru, Əməkdar incəsənət xadimi, bəstəkar Sərdar Fərəcovla birgə səyahət etdik: “Məmməd Səid Ordubadi ədəbiyyatımıza böyük töhfələr verməklə yanaşı, musiqili teatr sahəsində də mühüm xidmətlər göstərib. Bu həm də onun dramaturq kimi böyük istedadını göstərir. Operettaların süjetini yazmaq üçün sadəcə dramaturq qabiliyyətinə malik olmaq yetərli deyil. Bu, tamam başqa yanaşma və düşüncə tələb edən sahədir. Mətn yazarkən elə hesablanmalıdır ki, musiqi ilə mətn arasında tarazlıq yaransın. Bir sözlə, musiqi sözlə, söz isə musiqi ilə tamamlansın. Bu da yazıçıdan böyük dəqiqlik, incəlik, zövq və səriştə tələb edir. Ordubadi uzun müddət əyalətdə yaşamışdı. Onun Bakıya gəlməsində Üzeyir bəyin də xidmətləri olmuşdu. O əyalətdən gec gəlsə də, öz istedadı və əməksevərliyi sayəsində tezliklə böyük nasir kimi tanındı. Ordubadi “Koroğlu” operasının librettosunun müəllifidir. Lakin ona qədər Ordubadi Üzeyir bəyin marşlarına şeirlər yazmışdı. Onun bu sahədə bacarığını bəstəkarlar yaxşı bilirdilər. Ordubadi Şərq ədəbiyyatına da mükəmməl bələd idi. Ona görə də Üzeyir bəy “Koroğlu”nun librettosunu məhz ona etibar etmişdi.
Musiqidə sözün qüdrəti özünü bir daha göstərir. Qüdrətli, hissiyyatlı və könülləri duyan şair o sözü məqamında tuta bilir. Sözlə musiqi bir-birini tamamlayanda təsir qüvvəsi ikiqat artır. Bilirsiniz ki, bu yaxınlarda Fikrət Əmirovun 90 illik yubileyini qeyd etdik. Onun “Ağlasan ağlaram, gülərəm gülsən” mahnısının sözləri Ordubadiyə məxsusdur. Həmin mahnıda Ordubadinin gözəl şeriyyətinin vurğunu oluruq:
Gözlərim o qara gözə bənd oldu,
Saçların boynuma bir kəmənd oldu.
Musiqi ilə sözün vəhdətini dinləyəndə valeh olursan. İllər öncə “Koroğlu” operasının mətni ilə tanış olanda qarışıq cümlələr məni çaşdırdı. Sonradan bildim ki, əvvəlcə Üzeyir bəy musiqini bəstələyib, Ordubadi isə musiqiyə uyğun mətn yazıb. O, həmin melodiyanın ekvivalent sözlərini necə də düzgün qurub. Onu da qeyd edim ki, Ordubadinin “Qılınc və qələm” əsəri əsasında Əfrasiyab Bədəlbəyli “Nizami” operasını yazdı. Orada Ordubadinin şeirlərindən də istifadə edilib. Üzeyir bəyin “Addımla əsgər” marşının mətni də Ordubadiyə məxsusdur. O həm sevgi mövzusunda, lirik janrda, həm də vətənpərvərlik mövzusunda gözəl şeirlər yazırdı. Ordubadi musiqili teatra mühüm töhfələr vermiş, dövrünə görə çətin və ağır bir işin öhdəsindən gəlmiş sənətkardır”.
Lalə Azəri