Dekabrın 28-də G.Şaroyev adına 35 saylı musiqi məktəbinin böyük zalında Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Sərdar Fərəcovun anadan olmasının 55 illiyinə həsr olunmuş yubiley konserti keçirildi.
   
   Bakı şəhəri Niyazi adına 22 saylı musiqi məktəbinin kollektivi tərəfindən təşkil edilən tədbiri məktəbin direktoru, Əməkdar müəllim Natiq Əliyev açaraq iştirakçılara bəstəkarın həyat və yaradıcılığı haqda məlumat verdi.
   Xalq artisti, görkəmli bəstəkar Xəyyam Mirzəzadə vaxtilə tələbəsi olmuş Sərdar Fərəcovu təbrik etdi, ona yaradıcılıq uğurları arzuladı. Bəstəkarlar İttifaqının katibi, professor Zemfira Qafarova, Xalq artisti, tanınmış bəstəkar Musa Mirzəyev, şair Fəxrəddin Ziya çıxış edərək Sərdar Fərəcovun yaradıcılığından söhbət açdılar, ona gələcək işlərində uğurlar dilədilər.
   Sonra söz musiqiyə verildi. Məktəbin aşağı sinif şagirdlərindən ibarət xoru “Qış nağılı” adlı səhnələşdirilmiş musiqili kompozisiyanı ifa etdi. Xorun rəhbəri İlahə Ağayeva və konsertmeyster Gülnar Məmmədova bu kompozisiyanın çox uğurlu alınmasına nail ola bilmişdilər. Bəstəkarın “Salon valsı”nı fortepianoda Səmayə Rəhimova ifa etdi. Gənc tarzən Ülfət Həsənli isə “Rondoletto”nu səsləndirdi. Ləman Hüseynovanın fortepianoda ifa etdiyi vals “Reqtaym”, 5-ci sinif şagirdi, respublika müsabiqəsi laureatı Məhbubə Hacıyevanın (kamança) ifasında “Şərq bazarı”, Gülnar Məmmədova və Ləman Hüseynovanın fortepianoda ifa etdikləri “Rəqs” də tamaşaçıların ürəyincə oldu. Müəllifin müşayiəti ilə gənc vokalist Elyar Əliyevin ifa etdiyi “Ana yurdum, Azərbaycan” mahnısı (sözləri Fəxrəddin Ziyanındır) alqışlarla qarşılandı.
   Daha sonra bəstəkarın “Zərif vals”, “Ekspromt” əsərləri səsləndi. Respublika müsabiqələri laureatı İlkin Əhmədov tarda Sərdar Fərəcovun “Qarabağ” əsərini ifa etdi. Qeyd edək ki, İlkin Əhmədovun müəllimi tanınmış tarzən Nadir Babayevdir. Respublika müsabiqəsi laureatı Nigar Vəliyeva (skripka) və Leyla Əliyeva (fortepiano) bəstəkarın “Skertso”, “Sentimental vals”, “Ulduzlu gecələr” əsərlərini səsləndirdilər. Sonda isə tamaşaçılara fortepiano dueti təqdim olundu. Leyla Əliyeva və Aynur Xəlilova bəstəkarın yazdığı “Marş”ı ifa etdilər. Bu musiqi əsəri də çox uğurla səsləndirildi.
   Tədbirin sonunda yubilyar səhnəyə dəvət olundu, o, tədbir iştirakçılarına təşəkkürünü bildirdi, onlarla xatirə şəkilləri çəkdirdi.
   
   Gülnarə Çingizqızı,
   Üzeyir Hacıbəylinin ev-muzeyinin ekspozisiya və kütləvi işlər şöbəsinin müdiri







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar