Fevralın 8-də Bakı şəhəri Qara Qarayev adına 8 nömrəli 11 illik musiqi məktəbində dünya şöhrətli Azərbaycan bəstəkarı, pedaqoq, akademik, SSRİ Xalq artisti Qara Qarayevin anadan olmasının 95 və tədris ocağının yaradılmasının 75 illik yubileylərinə həsr edilmiş konsert keçirildi.
Mərasimdə Mədəniyyət və Turizm Nazirliyinin, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin nümayəndələri, musiqi məktəblərinin direktorları, tanınmış bəstəkarlar, şagirdlər və valideynlər iştirak edirdilər.
Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva dahi bəstəkarın dünya musiqisində özünəməxsus yer tutduğunu dedi: “Qara Qarayev eyni zamanda novator bəstəkar olub. Milli musiqi məktəbimizin bir sıra görkəmli nümayəndələrinin yetişməsində onun böyük əməyi var. Bəstəkarın Azərbaycan musiqisinin inkişafında xidmətləri əvəzolunmazdır. O, yazdığı qiymətli əsərlərlə dünya musiqi xəzinəsini daha da zənginləşdirib. Dahi bəstəkara hörmət əlaməti olaraq hazırda Azərbaycan Dövlət Kamera Orkestri, 8 nömrəli musiqi məktəbi Qara Qarayevin adını daşıyır, Azərbaycanda bəstəkarın adını daşıyan müsabiqələr keçirilir”.
Qara Qarayev adına 8 nömrəli musiqi məktəbinin binasının yenidən tikilib istifadəyə verildiyini xatırladan nazir müavini 75 illik yubiley münasibətilə kollektivi təbrik etdi. Məktəbin direktoru Kamal Paşazadəyə Mədəniyyət və Turizm Nazirliyinin fəxri fərmanını təqdim edən Sevda Məmmədəliyeva tədris müəssisəsinin əldə etdiyi uğurlardan danışdı: “İndiyədək məktəbin şagirdləri beynəlxalq müsabiqə və festivallarda uğurla çıxış ediblər. Məktəbin 3 şagirdinin adı gənc istedadların “Qızıl kitabı”na daxil edilib və onlar Prezident təqaüdünə layiq görülüb. Biz inanırıq ki, bu uğurlar bundan sonra da davam edəcək”.
Sonra ikihissəli konsert proqramı təqdim edildi. Birinci hissədə Qara Qarayevə həsr olunmuş videoçarx və şəkillərdən ibarət slayd təqdim edildi, məktəbin kamera orkestri, müəllim və şagird kollektivinin ifasında dahi bəstəkarın “İnsan məskən salır” filmindən musiqisi, “Don Kixot” simfonik qravürlərindən “Səyahət”, rus şairi A.Puşkinin sözlərinə yazdığı “Gürcüstan təpələrində”, “Mən sizi sevirdim” romansları, “Yeddi gözəl” baletindən “Vals” və digər əsərlər səsləndirildi.
Konsertin məktəbin 75 illiyinə həsr olunmuş ikinci hissəsində təhsil müəssisəsi haqqında videoçarx nümayiş olundu, şagirdlər Azərbaycan və dünya bəstəkarlarının əsərlərini ifa etdilər. Sonda xor kollektivinin ifasında məktəbə həsr olunmuş “Qarayevçilərik biz” mahnısı səsləndi.
Ceyhun