Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin Direktorlar Şurası R.Babayev adına 25 saylı uşaq musiqi məktəbində açıq dərs təşkil edib. Gözdən əlil uşaqlar üçün 38 saylı 11 illik uşaq musiqi məktəbinin direktoru Əsab Əliyevin verdiyi məlumata görə, açıq dərsdə Əməkdar müəllim Ramiz Əzizov və tələbələri iştirak ediblər: “Ramiz Əzizov pedaqoji təcrübəsinə əsaslanaraq müxtəlif siniflər üzrə dərslərin keçilməsini nümayiş etdirdi. O, 30 ildir ki, tar ixtisasını tədris edir, 20-dən çox tələbəsi respublika müsabiqəsi laureatı olub. Düşünürəm ki, belə açıq dərslər müəllimlər üçün çox faydalıdır”.
   Tədbirdə pedaqoji təcrübə ilə bağlı fikir mübadiləsi aparılıb, tədris metodları, repertuar seçimi, texniki hazırlıq məsələləri müzakirə olunub.
   Açıq dərsdə Hacı Xanməmmədovun, Tofiq Bakıxanovun, Ramiz Mirişlinin tar ilə simfonik orkestr musiqiləri səsləndirilib. 

   Ceyhun