Zəngin mədəniyyətə malik olan xalqımız özünün istedadlı övladları ilə fəxr edir. Dahi bəstəkar, akademik, böyük müəllim Qara Qarayev məhz belə nurlu insanlardan biridir. Ömrü əbədiyyətə qovuşmuş dahi bəstəkarın 95 illiyi ilə əlaqədar respublikamızda silsilə tədbirlər həyata keçirilir. Belə tədbirlərdən biri də fevralın 19-u Milli İncəsənət Muzeyinin kiçik konsert zalında iki tanınmış bəstəkarın - Vasif və Ceyhun Allahverdiyevlərin müəllif konserti idi. Müəlliflərin kamera əsərlərindən ibarət konsert dahi bəstəkarın yaradıcılığına böyük hörmət və məhəbbətinin göstəricisi idi.
   
   Bu fikri gecədə çıxış edən musiqişünas, sənətşünaslıq namizədi Lalə Hüseynova da vurğuladı: “Mənə elə gəlir ki, Vasif və Ceyhun Allahverdiyevlər ilk növbədə öz nailiyyətlərinə görə Azərbaycan bəstəkarlıq məktəbinin dahi simalarına borcludurlar. Bu gün burada görkəmli bəstəkarımız Arif Məlikov iştirak edir. Ceyhun Allahverdiyev Arif Məlikovun, Arif Məlikov isə Qara Qarayevin tələbəsidir. Vasif Allahverdiyev isə Qara Qarayevin tələbəsi Cövdət Hacıyevin tələbəsi olmuşdur. Bütün bunlar sanki nəsillərin davam etməsini, onların əlaqələrini göstərir".
   Əməkdar incəsənət xadimləri - Azərbaycan Milli Konservatoriyasının dosenti Vasif Allahverdiyev və Bakı Musiqi Akademiyasının bəstəkarlıq kafedrasının dosenti Ceyhun Allahverdiyevin yaradıcılığı olduqca genişdir. Onlar əsasən ciddi musiqinin - simfoniya, sonata, konsert, ballada, kvartet kimi mürəkkəb janrlarında maraqlı əsərlər yaradaraq bu çətin sahədə öz bacarıqlarını uğurla nümayiş etdirirlər. Hər iki bəstəkarın əsərləri təkcə Azərbaycanda deyil, respublikamızın hüdudlarından kənarda da ifa olunur, müxtəlif tədbirlərdə, musiqi gecələrində səslənir.
   Konsert şərti olaraq iki hissəyə ayrılmışdı. I hissədə Vasif Allahverdiyevin, II hissədə isə Ceyhun Allahverdiyevin əsərləri dinlənildi.
   Vasif Allahverdiyevin yaradıcılığı xalq musiqisi ilə dərindən bağlıdır, yazdığı bütün əsərlərdə xalq musiqisinin, əsasən muğamların güclü təsiri duyulur. Milli musiqi ənənələrinə sədaqət, xalq musiqi dilinin aydınlığından yüksək peşəkarlıqla bəhrələnmək qabiliyyəti bəstəkarın musiqi üslubunda əsas səciyyəvi cəhətlərdəndir. Əlvan ritmlər, təravətli intonasiyalar, folklora əsaslanan melodik çalarlar bəstəkarın sənət palitrasında cazibədar bir ahəng yaradır.
   Vasif və Ceyhun Allahverdiyev qardaşları son vaxtlarda tez-tez müəllif konsertləri ilə musiqisevərləri sevindirir. Lakin bu konsertdə müəlliflərin ilk dəfə ifa olunan əsərləri üstünlük təşkil edirdi. "Piano üçün silsilə" adlı əsər də beynəlxalq müsabiqələr laureatı Mələk Qocayevanın ifasında ilk dəfə olaraq səsləndi.
   Bəstəkarlar vokal musiqiyə də öz yaradıcılıqlarında xüsusi yer ayırmışlar. Səslənən növbəti əsər Vasif Allahverdiyevin böyük Hüseyn Cavidin sözlərinə yazdığı "Pəncərəm üşüyür" və "Qəmli hekayə" romansları oldu. Metsosoprano üçün yazılmış, dəqiq vokal prinsiplərinə uyğun bu romanslar Əməkdar artist Rəşidə Rəşidin ifasında alqışlarla qarşılandı. Beynəlxalq müsabiqə laureatı Teymur Şəmsiyevin ifasında səslənən növbəti əsərdə - "Piano üçün 3 hissəli Sonatina"da bəstəkarın fərdi yaradıcılıq prinsipləri özünü parlaq şəkildə göstərdi.
   Son illərin məlum hadisələri, Qarabağ dərdi bir çox incəsənət adamları kimi Vasif və Ceyhun Allahverdiyevlərin də yaradıcılığında vaxtaşırı öz əksini tapır. İlk dəfə olaraq solo tar üçün yazılmış "Qarabağ balladası" bu səpkili əsərlərdəndir. Qeyd edək ki, hər iki müəllif Bakı Musiqi Akademiyasını həm bəstəkar, həm də ifaçı kimi bitirmişlər. Ona görə də bu əsərdə Vasif Allahverdiyev öz tarzənlik məharətinə dayanaraq, tarın virtuoz ifadə imkanlarını üzə çıxarmaq baxımından çox maraqlı vasitələrdən istifadə etmişdir. Əsər Əməkdar artist, Naxçıvan Musiqi Texnikumunun müəllimi Tağı Tağıyevin ifasında çox möhtəşəm səsləndi.
   Konsertin ikinci hissəsində Ceyhun Allahverdiyevin əsərləri ifa olundu. Ceyhun Allahverdiyev Bakı Musiqi Akademiyasını bəstəkarlıq ixtisası üzrə Arif Məlikovun, fortepiano ixtisası üzrə Elmira Əliyevanın sinfində bitirmişdir. Müxtəlif janrlarda qələmini sınayan bəstəkarın yaradıcılığı çoxşaxəlidir. Gecədə o, gözəl pianoçu kimi öz əsərlərini - "Təmas-Fantaziya" və "2 prelüd"ü təqdim etdi. İlk dəfə ifa olunan “Fantaziya”da əlvan səciyyəvi melodiyanın təsiri ilə müxtəlif hisslər və duyğular aləmi tamaşaçılara xoş ovqat bəxş etdi.
   Vokal musiqiyə də böyük maraq göstərən Ceyhun Allahverdiyevin yaradıcılığında insanın mənəvi aləminin, qəlbinin dərinliklərində hökm sürən hissləri oyadıb hərəkətə gətirən lirik mahnı və romansları xüsusi yer tutur. Bəstəkarın Nizami Gəncəvinin sözlərinə yazdığı "Nədəndir" və "Dilbər" romansları Opera və Balet Teatrının solisti Afaq Abbasovanın ifasında böyük maraq doğurdu.
   Üzeyir Hacıbəylidən başlayaraq, Niyazi, Qara Qarayev, Fikrət Əmirov tərəfindən xalq musiqisinə müraciət formalarını Ceyhun Allahverdiyev layiqincə davam etdirir. O, Azərbaycanda ilk dəfə kamera orkestri ilə tar, kamança, zurna, balaban, nağara və solist (xanəndə) üçün "Muğamların və xalq musiqisinin işləmələri" adlı əsəri musiqi ictimaiyyəti tərəfindən hələ çox illər bundan qabaq yüksək qiymətləndirilmişdir. Konsertdə görkəmli skripkaçı Rəsul Abbasov və müəllifin ifasında ilk dəfə səslənən "Violino ilə piano üçün sonata" əsərində sanki bu ənənə davam olunur. Üç hissədən ibarət əsərdə bəstəkar qədim musiqi alətlərimiz - tulum, ney, balaban və başqalarının səslərinə oxşar ştrixlərdən çox məharətlə istifadə etmişdir.
   Beləliklə, musiqinin bir çox ciddi janrlarında əsərlər yazan Vasif və Ceyhun Allahverdiyevlər bütün bu illər ərzində onların özünəməxsus dəsti-xəttini püxtələşdirməyə nail olmuşlar.
   Qara Qarayevin özünə qarşı sonsuz tələbkarlığından doğan və bizə qoyub getdiyi irs dərinliyi və zənginliyinə görə tükənməzdir. Bizdən sonra gələcək nəsillər bu tükənməz xəzinədə özləri üçün hər dəfə yeni-yeni tapıntılar kəşf edəcəklər. Haqqında söz açdığımız konsertdə bir daha əmin olduq ki, milli bəstəkarlıq məktəbimiz bu gün də öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmək, zəngin Azərbaycan musiqisinin yüksəlişinə yeni töhfələr vermək əzmindədir.
   
   Jalə Qulamova,
   sənətşünaslıq namizədi







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar