Martın 6-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş tədbirlər silsiləsindən ilk musiqi axşamı - gənc istedadların konserti keçirilib.
Tədbirdə çıxış edən muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova ulu öndər Heydər Əliyevin musiqi mədəniyyətimizin inkişafına daim böyük diqqət və qayğı ilə yanaşmasından danışıb. Bildirib ki, silsilə tədbirlərin gənc istedadların konserti ilə başlanması təsadüfi deyil. Ümummilli liderin 1996-cı ildə imzaladığı “Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında” fərman əsasında gənc istedadların “Qızıl kitab”ı təsis edilib.
Konsert Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının IV kurs tələbəsi, beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü Mustafa Mehmandarovun (skripka) L.V.Bethovenin “7 nömrəli sonata”sının birinci hissəsinin ifası ilə başlayıb. Sonra Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası tələbələrinin ifalarında Azərbaycan və dünya bəstəkarlarının əsərləri səslənib.