Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə keçirilən “Muğam aləmi” III Beynəlxalq Muğam Festivalı çərçivəsində Azərbaycanın bölgələrində keçirilən tədbirlər davam edir. Martın 12-də musiqi bayramı çərçivəsində Qəbələdəki “Qafqaz sport” hotelində mədəniyyət işçiləri, muğamsevərlərin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə festival tədbirlərinin açılış mərasimi keçirilib.
   Mərasimdə Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin təhsil şöbəsinin müdiri Natiq Mustafayev, Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini Ətayə Osmanova çıxış edərək ölkəmizdə milli-mənəvi dəyərlərimizin qorunması və təbliği istiqamətində həyata keçirilən tədbirlərdən, milli muğam sənətimizin inkişafında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Mehriban Əliyevanın müstəsna xidmətlərindən danışıblar.
   Sonra xanəndələr Natiq Cəfərov “Simayi-şəms”, Asim Əliyev “Segah zabul”, Hacıbaba Abdurrahmanov “Arazbarı”, Ceyhun Mehdiyev “Heyratı” muğamlarını ifa ediblər. Xanəndələri tarda Elman Əfəndiyev, kamançada Xəqani Abdulsalamov, nağarada Ceyhun Hümbətov müşayiət ediblər.
   * * *
   Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində isə “Ustaddan şagirdə” muğam məclisi keçirilib. Tədbirdə Lənkəran şəhərindəki Cəfər Cabbarlı və Həqiqət Rzayeva adına uşaq musiqi məktəblərinin muğam şöbələrinin müəllim və şagirdlərinin ifasında Azərbaycan muğamları səslənib. Müslüm Ağayev, İmanverdi Ağayev, Mirisa Qəhrəmanov, Yeganə Şabanova, Məleykə Mirzəyeva, Güldəstə Niftullazadə, Mirisa Qəhrəmanovun ifasında “Şahnaz” dəsgahı, “Heyratı”, “Simayi-şəms” muğamları, tarzənlər Elçin Hətəmlinin “Orta mahur”, İbrahim Nəsirlinin “Çahargah” muğamı və s. musiqi parçaları alqışlarla qarşılanıb.
   * * *
   Beynəlxalq festival çərçivəsində daha bir konsert martın 12-də Beynəlxalq Muğam Mərkəzində gerçəkləşib. Tunis bəstəkarı, müğənni, ud ifaçısı və ictimai xadim Lotvi Buşnakın təqdim etdiyi “Yaxın Şərqdən salamlar...” adlı konsertdə Jqonda Munir (violin), Taufik Jqonda (qanun, setar), Abdelhakim Belqaid (ud), Mabruk Hammadi (zərb, tar) çıxış ediblər.