Berlində Azərbaycan caz-muğamına həsr olunmuş sənədli filmin təqdimatı
   
   Berlinin “Astor Film Lounge” kinoteatrında “Sarı gəlin - qızılı saçlı gəlin. Azərbaycanda caz-muğam” adlı sənədli filmin ilk təqdimatı keçirilib. Müasir caz musiqisinin klassik muğam mahnıları ilə sintezinə həsr edilmiş film Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin “Salnamə” studiyasının və “Das Apartment” TV-nin birgə istehsalıdır.
   Alman-Azərbaycan Forumu, E-ON, ARDNŞ və Azərbaycanın Almaniyadakı səfirliyinin dəstəyi ilə çəkilən filmdə Azərbaycanda caz və muğam musiqisinin tarixindən bəhs edilir, musiqinin hər iki növünün tanınmış ifaçıları ilə müsahibələr təqdim olunur. Filmdə ölkəmizin tarixi və mədəniyyəti, görməli yerləri, eləcə də Dağlıq Qarabağ münaqişəsi haqqında da məlumatlar yer alıb.
   Mərasimdə filmin rejissoru Klaus Bernhard ekran əsərinin yaranması ideyasından danışıb. Şirzad Fətəliyevin rəhbərlik etdiyi “Balaban” qrupu “Sarı gəlin” xalq mahnısını ifa edib.
   Nümayişdən sonra tamaşaçılar film, Azərbaycanda caz və muğam sənəti ilə bağlı təəssüratlarını bölüşüblər. Təqdimatda Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov, diasporumuzun təmsilçiləri iştirak ediblər. Qeyd edək ki, filmin ərsəyə gəlməsində Almaniyadakı Azərbaycan diasporunun nümayəndələri Parviz Yazdani, Naiba Şirinova, Samirə Patser-İsmayılova və Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin əməkdaşları da iştirak ediblər.