Aprelin 5-də Tokio rayonunun Zama şəhərində Yaponiya ilə Azərbaycan beynəlxalq əlaqələri çərçivəsində “Yapon və Azərbaycan milli musiqisi” konserti keçiriləcək. “Zama harmony hall”da keçiriləcək konsert Zama Beynəlxalq Əməkdaşlıq Assosiasiyası, Zama Mədəniyyət Mərkəzi və Azərbaycanın Yaponiyadakı səfirliyinin dəstəyi ilə təşkil ediləcək. Konsertdə yapon və Azərbaycan milli musiqisi nümunələri ifa olunacaq, Azərbaycan haqqında foto və video materiallar nümayiş etdiriləcək. Bununla yanaşı, Azərbaycan mədəniyyətinə həsr edilmiş sərgi açılacaq.
   Konsertin birinci hissəsində yapon musiqisi, ikinci hissədə isə Azərbaycan musiqisi səslənəcək. Konsertin solisti beynəlxalq müsabiqələr laureatı Gülnarə Səfərovanı yapon musiqiçilər müşayiət edəcəklər. Rəqqasə Tahirə Erkan Azərbaycan rəqslərini ifa edəcək.