BBC-3 radiosunun üç əməkdaşı Londonda yerləşən məşhur “Royal Albert Hall”da səslənəcək Azərbaycan musiqisi layihəsinə hazırlıq məqsədilə respublikamıza gəlib. Həmin səhnədə istedadlı xanəndə Qoçaq Əsgərov və onun Londonda yaşayan tələbəsi Fidan Hacıyeva çıxış edəcək.
   Hazırlıq çərçivəsində görkəmli ifaçılarımızın Londonda boya-başa çatan azərbaycanlı Fidan Hacıyeva üçün ustad dərslərinin təşkili də nəzərdə tutulub. Qoçaq Əsgərov bildirib ki, Londonun Soas Universitetində təhsil alan Fidan hazırda musiqi nəzəriyyəsini, vokalın sirlərini öyrənir. Fidan Hacıyeva Xalq artisti Alim Qasımovun ustad dərsində iştirak edəcək, Arif Babayev, Zabit Nəbizadə, Gülyaz və Gülyanaq Məmmədovaların siniflərində dərs prosesinə qatılacaq. Bütün bunlar BBC-3 radiosunun əməkdaşları tərəfindən işıqlandırılacaq.
   Radionun heyəti mayda yenidən respublikamıza gələcək. Məşqlər başa çatandan sonra avqustun 22-də Qoçaq Əsgərov və Fidan Hacıyeva Londonda konsert proqramı təqdim edəcəklər. Xatırladaq ki, konsert layihəsi “Royal Albert Hall”, BBC-3 radiosu və UNESCO-nun eksperti, musiqişünas Sənubər Bağırovanın birgə təşəbbüsüdür.