Aprelin 22-dən 26-dək Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi və “AG Bank” Açıq Səhmdar Cəmiyyətinin sponsorluğu ilə dahi bəstəkar Qara Qarayevin anadan olmasının 95-ci ildönümünə həsr edilmiş “Təhlil və ifa edir gənc musiqiçilər” adlı II Respublika elmi-ifaçılıq müsabiqəsi keçiriləcək.
   Professor Fərhad Bədəlbəylinin rəhbərliyi altında Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və bu təhsil müəssisəsinin məktəb-studiyasının birgə təşkilatçılığı ilə keçiriləcək müsabiqəyə münsif qismində İstanbul Dövlət Texniki Universitetinin Türk Klassik Musiqisi Dövlət Konservatoriyasının İspirtoxane Mədəniyyət və Sənət Mərkəzinin fortepiano şöbəsinin müdiri Züleyxa Qarayeva-Bağırova da dəvət olunub.
   Paytaxtın və müxtəlif regionların musiqi və incəsənət məktəblərinin 100-ə yaxın şagirdi iştirak edəcəyi müsabiqə iki mərhələdə və “Fortepiano”, “Simli alətlər”, “Nəfəs və zərb alətləri”, “Xalq çalğı alətləri”, “Vokal” nominasiyaları üzrə keçiriləcək.