Aprelin 14-dən 19-dək Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Bakıda Qara Qarayev adına V Beynəlxalq Müasir Musiqi Festivalı keçiriləcək. Festival günlərində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, Azərbaycan Dövlət Mahnı Teatrı, Beynəlxalq Muğam Mərkəzi və Muzey Mərkəzi də daxil olmaqla, nazirliyin bir çox müəssisələrində konsert proqramları təşkil olunacaq.
Konsertlərdə Stas Malışev (Rusiya), Marianna Vısotskaya (Rusiya), Aleksandr Lyubimov (Rusiya), İvan Sokolov (Rusiya), Vladimir Runçak (Ukrayna), Marsel Vorms (Hollandiya), "Accroche Note" ansamblı (Fransa), "Asko Schönberg" ansamblı (Hollandiya), "Avatara" rəqs qrupu (Almaniya/İspaniya), "Questa Musica" kamera xoru kimi məşhur solistlər və ansambllar çıxış edəcək. Azərbaycan Bəstəkarlar İttifaqı və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası tərəfindən müasir musiqi problemlərinə həsr olunmuş elmi simpozium keçiriləcək.
Bundan əlavə, aprelin 14-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi və M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası tərəfindən Azərbaycan Dövlət Filarmoniyasında Qara Qarayevə həsr olunmuş foto və kitab sərgiləri təşkil olunacaq.