Yaponiyada Azərbaycanın musiqisi, mədəni irsi və turizm imkanları təqdim edilib
   
   Aprelin 5-də Yaponiyanın Kamaqava prefekturasının Zama şəhərində “Yapon və Azərbaycan milli musiqisi” xeyriyyə konserti keçirilib.

   
   Tədbir Zama Beynəlxalq Əməkdaşlıq Assosiasiyası, Zama Mədəniyyət Mərkəzi və Azərbaycanın Yaponiyadakı səfirliyinin dəstəyi ilə təşkil edilib. Tamaşaçılar əvvəlcə “Zama harmony hall”un foyesində Azərbaycan mədəniyyətinə həsr edilmiş sərgi ilə tanış olublar.
   Zama şəhərinin meri Mikio Endo və Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə tədbirin iki ölkə arasında mədəni əlaqələrin inkişafına mühüm təsir göstərəcəyini vurğulayıblar.
   Konsertin birinci hissəsində yapon milli musiqisi nümunələri səslənib. İkinci hissə Azərbaycan haqqında təqdimatla başlayıb. Vaseda Universitetinin magistri Emil Cəfərzadə slaydlar vasitəsilə paytaxt Bakı, ölkəmizin tarixi və mədəni irsi barədə məlumat verib. Azərbaycanın turizm imkanlarını, sürətli iqtisadi inkişafını, son illər əldə edilmiş uğurları əks etdirən film nümayiş olunub.
   Azərbaycanlı pianoçu, beynəlxalq müsabiqələr laureatı Gülnarə Səfərovanın yapon musiqiçilərinin müşayiəti ilə ifa etdiyi bəstəkar N.Əliverdibəyovun “Elegiya” əsəri, xalq musiqisi nümunələrimiz alqışlarla qarşılanıb. Yapon Ohira Kiyoşinin sazda ifa etdiyi “Qara tellər”, “Sudan gələn sürməli qız”, “Özünə özüm qurban” mahnıları konsertə xüsusi rəng qatıb. Tokio Universitetinin məzunu, azərbaycanlı Tahirə Erkanın ustalıqla ifa etdiyi “Tərəkəmə”, “Qaval”, “Laçın” rəqsləri də sürəkli alqışlara səbəb olub. Konsert bütün iştirakçıların və tamaşaçıların birlikdə ifa etdiyi “Ağaclar yenidən çiçəkləyəcək” yapon mahnısı ilə başa çatıb.