Aprelin 10-da G.Şaroyev adına 35 nömrəli musiqi məktəbində ulu öndər Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar istedadlı gənc, respublika festivallar laureatı, tar ifaçısı Mircavid Mircavad oğlu Cəfərovun solo konserti keçirildi.
   
   Bu tədris ocağının 11-ci sinif şagirdi olan gənc tarzən uğurlu konsert proqramından sonra təəssüratlarını bizimlə bölüşdü: “Müxtəlif festivallarda iştirak etməyimə baxmayaraq, ilk solo konsertim olduğundan çox böyük həyəcan keçirirdim. Eyni zamanda, məsuliyyət hissi də əlavə gərginlik yaradırdı. Şükür Allaha ki, konsert gözəl alındı və mənə inananların ümidlərini doğrultdum. Respublikanın Əməkdar müəllimi Ramiz Əzizov və konsertmeyster Gülnarə Teymurzadəyə də təşəkkür edirəm. Üzərimdə çox böyük zəhmətləri var. Bu il musiqi məktəbini bitirirəm. Təhsilimi Milli Konservatoriyada davam etdirmək istəyirəm. Tar alətinə marağım atamın tarzən olmasından irəli gəlir. Müxtəlif festival və müsabiqələrdə iştirak edib uğur qazandıqca bu sənətə həvəs və marağım daha da artdı. Çalışıram ki, atamın sənətini layiqincə davam etdirim”.
   M.Cəfərov konsert proqramında Ü.Hacıbəyli, Q.Qarayev, F.Əmirov, R.Mirişli, F.Şopenin əsərləri ilə yanaşı, “Orta Mahur” muğamını da məharətlə ifa etdi. Konsertin sonunda çıxış edən məktəbin direktoru Yusif Vəliyev Mircavidin istedadlı və gələcəyi olan şagirdlərdən olduğunu dedi: “Təhsil ocağımızda Mircavid kimi istedadlı gənclərin yetişməsi kollektivimiz üçün fəxrdir”.
   Konsertdən sonra tanınmış musiqiçilər təəssüratlarını bizimlə bölüşdülər. Azərbaycan Milli Konservatoriyasının nəzdində fəaliyyət göstərən Musiqi Kollecinin direktoru, Əməkdar incəsənət xadimi, professor Nazim Kazımov Mircavidi uğurlu ifa münasibətilə təbrik etdi, ona yeni sənət uğurları arzuladı: “Bu gün ona öz müəllimim Səid Rüstəmova həsr etdiyim kitabımı hədiyyə etdim. İnanıram ki, Mircavid Azərbaycan musiqisini hər zaman layiqincə təmsil edəcək”.
   Tarzən, Əməkdar artist Elçin Həşimov: “Bu gün burada dinlədiyim bəzi əsərlər tar üçün yeni işlənmişdi. Simfonik əsərləri tar, fortepiano üçün hazırlamaq böyük zəhmət tələb edir. Bu əsərləri tarda ifa etmək də çətindir. Məncə, Mircavid qarşısına qoyulan tapşırığı yüksək səviyyədə yerinə yetirdi”.
   Kamança ifaçısı, Əməkdar artist Elnur Əhmədov da konsertdən böyük təəssüratla ayrıldığını söylədi: “Mircavid öz ifası ilə sənət adamlarının zövqünü oxşamağı bacardı. Onu ürəkdən təbrik edir, daha böyük uğurlar arzulayıram”.
   Xanəndə, Əməkdar artist Teyyub Aslanov isə Mircavidin uğurlarında müəllimi Ramiz Əzizovun rolunu xüsusi vurğuladı: “Mircavidin uğurlarında müəlliminin çox böyük zəhməti var. Amma ən böyük zəhmət təbii ki, ifaçının üzərinə düşür. O, məhz gərgin əməyi sayəsində bu səviyyəyə gəlib çata bilib, başqa cür heç mümkün də deyil”.
   Mircavidin atası, tarzən, Əməkdar artist Mircavad Cəfərov isə qeyd etdi ki, Britaniyanın “BBC 3” kanalı 2007-ci ildən oğlunun yaradıcılığını izləyir. Həmin kanalın “Musiqiçi ailəsində gənc musiqiçilərin yetişməsi” layihəsi var. Verilişdə gənc istedadların həyat tərzini öyrənir, milli və klassik əsərlərə nə cür münasibət göstərməsi ilə maraqlanırlar: “Məqsəd sənətçi ailəsində musiqiyə olan münasibəti açıb göstərməkdir. Həmin kanal bu konserti də lentə aldı. Əlavə edim ki, Mircavid 2010-2011-ci illərdə ümumrespublika müsabiqələrinin laureatı olub. Bu gün ilk dəfə idi ki, bir saatlıq konsert proqramı ilə tamaşaçılar qarşısına çıxırdı. Azərbaycanın görkəmli sənətkarları bu konsertdə iştirak edirdilər. Xalq artisti Fəxrəddin Dadaşov, Əməkdar artist Ağacəbrayıl Abbasəliyev, Əməkdar incəsənət xadimi Vaqif Gərayzadə və digərlərinin Mircavidin çıxışı ilə bağlı fikirləri də müsbət oldu. Oğlumun sənətə gəlməyində və bu sənəti davam etdirməyində bir valideyn kimi mənim heç bir təkidim olmayıb. Bu onun öz fikri və seçimidir. O, hələ təzə başlayanda dedim: bax və düşün. Bu sənəti mənə görə seçirsən, yoxsa öz arzunla. Dedi ki, bu sənətlə məşğul olmaq istəyirəm. Bu konsertlə də sübut etdi ki, həqiqətən sənəti sevir. Görkəmli sənətkarlarımızın qarşısında çıxışı zamanı keçirdiyim hissləri sözlə ifadə etmək çətindir. Çox qürur hissi duyuram ki, Mircavid bu işin öhdəsindən layiqincə gələ bildi. Bütün valideynlərə belə qürur və sevinc arzulayıram”.
   
   Lalə Azəri