Bakıda Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Qara Qarayev adına V Beynəlxalq Müasir Musiqi Festivalı rəngarəng konsert proqramları ilə davam edir.
   
   Aprelin 16-da Beynəlxalq Muğam Mərkəzində “Üçüncü Reyx zamanı “Degenerativ musiqi” (“Entartete muzik”) və Sovet İttifaqında “mövcud olmayan musiqi” layihəsi təqdim edilib.
   Tədbirin aparıcısı sənətşünaslıq doktoru Rauf Fərhadov mövzu barədə qısa məlumat verərək bildirdi ki, totalitar dövlət olan SSRİ-nin də öz degenerat rəssamları, yazıçıları və musiqiçiləri var idi: “Belə müəlliflərin əsərlərinə məhəl qoyulmurdu və onların əsərləri ifa edilmirdi. Daha doğrusu, onlar “mövcud olmayan musiqi”nin bəstəkarları idilər. Bugünkü konsert proqramında həm Avropada, həm də keçmiş sovetlər məkanında qadağan edilmiş əsərlərdən nümunələr səslənəcək”.
   Sonra səhnəyə Əməkdar artist, pianoçu Gülşən Ənnağıyeva dəvət olundu. Onun ifasında konsertin birinci hissəsində Anton Vebernin “Variasiyalar”, Arnold Şönberqin “Üç pyes”, Ernst Krenekin “Miniatürlər”, Paul Hindemithin “1922” süitası səsləndi. Konsertin ikinci hissəsində Andrey Volkonskinin “Musica stricta”, Nikolay Karetnikovin “Scherzo”, Qalina Ustvolskayanın “Sonata 5” və Valentin Silvestrovun “Qədim üslubda musiqi” əsərləri təqdim olundu.
   Festivalın bədii rəhbəri, professor Fərəc Qarayev konsertlə bağlı fikirlərini bölüşərək qeyd etdi ki, bu tədbir sovet festivallarından fərqlənir: “Biz festivalın proqramını tam sərbəst və azad şəkildə tərtib etmişik. Gülşən Ənnağıyeva bizim ulduzdur. Mən böyük məmnunluqla bütün əsərlərimin səsləndirilməsini ona həvalə edərdim. O, böyük həvəslə müasir musiqiləri ifa edir və onun ifası hər zaman böyük alqışlarla qarşılanıb. İnanıram ki, bu gün də tamaşaçılar bu musiqilərdən zövq alacaqlar”.
   Konsert proqramı musiqisevərlər tərəfindən böyük maraqla qarşılandı.
   
   Lalə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar