Aprelin 14-də Qara Qarayev adına 8 saylı onbirillik musiqi məktəbində konsert keçirildi. Tədbir Qara Qarayev adına V Beynəlxalq Müasir Musiqi Festivalına həsr olunmuşdu.
   
   Tədbirin aparıcısı Leyla Həsənova görkəmli bəstəkarın həyat və yaradıcılığından söz açaraq bildirdi ki, Qara Qarayevin adı XX əsrin ən görkəmli sənətkarları ilə bir ucalıqda dayanır. O, bənzərsiz yaradıcılığı ilə Azərbaycan musiqisinin inkişafı üçün geniş üfüqlər açıb, əsərləri ilə dünya musiqi xəzinəsini zənginləşdirib. Onun insanlarda gözəllik hissi aşılayan, xeyirxah duyğular oyadan, düşünməyə vadar edən musiqisi həyatımıza məna qatıb, varlığımızın bir hissəsinə çevrilib. Azərbaycan bəstəkarlıq məktəbinin yüksəlməsində və dünyada tanınmasında Qara Qarayevin əvəzedilməz rolu var. Müəllim kimi böyük bəstəkarlar nəsli yetişdirib. Onun adı çağdaş Azərbaycan musiqi mədəniyyətində zəngin irs qoymuş dahi bəstəkarımız Üzeyir Hacıbəylinin adı ilə bir çəkilir. Q.Qarayev musiqisinin möhtəşəmliyini D.Şostakoviç, R.Şedrin, İ.Stravinski, L.Koqan, L.Mazel, M.Aranovski, T.Xrennikov kimi dövrünün görkəmli musiqiçiləri etiraf ediblər.
   Dahi bəstəkarın ünvanına söylənilən bu xoş sözlərdən sonra yeniyetmə musiqiçilər notların dili ilə böyük pedaqoqu yad etdilər. Məktəbin kamera orkestrinin ifasında Q.Qarayevin “İnsan məskən salır” kinofilmindən musiqi, “İldırımlı yollar” baletindən “Lay-lay”, Rolf Lovlandın “Sirli boğçanın mahnısı” və A.Korellinin “Zarafat” əsərləri səsləndirildi. Daha sonra Q.Qarayevn “Prelüdiya” (cis-moll, №1, 2), S.Prokofyevin “Qoca nənənin nağılları” (fortepianoda Nərgiz Əliyeva, Cavid Yusifzadə), Fazil Sayım “Motsart stilində caz fantaziya” (fortepianoda Səbinə Rzazadə) və s. musiqi nömrələri ifa olundu.
   Sonda Bakı şəhəri musiqi və incəsənət məktəbləri Direktorlar Şurasının sədri, Niyazi adına 22 saylı uşaq musiqi məktəbinin direktoru, Əməkdar müəllim Natiq Vəliyev çıxış edərək tədbir iştirakçılarına təşəkkürünü bildirdi.
   
   Savalan Fərəcov







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar