Aprelin 5-dən 7-dək Tatarıstanın Kazan şəhərində «Avropa-Asiya» beynəlxalq musiqi festivalı keçirilib.
Bu il 11-ci dəfə təşkil olunan festivalda 24 ölkənin, o cümlədən Azərbaycan bəstəkarlarının yaradıcılıq nümunələri ifa olunub. Tədbirdə ölkəmizi təmsil edən Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Sərdar Fərəcovun sözlərinə görə, iştirakçılar arasında türkdilli xalqların nümayəndələri üstünlük təşkil ediblər: “Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Tatarıstan, Türkiyə dövlətləri böyük heyətlə təmsil olunurdular. Bununla yanaşı, ABŞ, İsveçrə, Vyetnam bəstəkarları da festivalda iştirak edirdilər. Yeri gəlmişkən, əldə olunan razılığa görə, gələn il festival Vyetnamda keçiriləcək. Tatarıstan və Vyetnam tərəfi belə razılığa gəliblər ki, bundan sonra festival bir il Kazanda, növbəti il Hanoyda keçirilsin”.
Festivalda Azərbaycan Bəstəkarlar İttifaqının sədri, professor Firəngiz Əlizadənin simfonik orkestr üçün bəstələdiyi «Metomorfoza» və Sərdar Fərəcovun simli orkestr üçün yazdığı «Xalq şənliyindən səhnələr» süitası ifa olunub. Kamera musiqisi konsertlərində ölkəmizdən gənc kamança ifaçısı, Milli Konservatoriyanın I kurs tələbəsi Mədinə Şahgəldiyeva və onu fortepianoda müşayiət edən Sevinc Kərimova Fikrət Əmirovun, Süleyman Ələsgərovun, Dadaş Dadaşovun və Sərdar Fərəcovun əsərlərini təqdim ediblər.