“Təhlil və ifa edir gənc musiqiçilər” müsabiqəsində dahi bəstəkarın əsərinin təqdimatı
Böyük bəstəkar, akademik Qara Qarayevin ilk musiqi nümunələrindən olan “Fortepiano üçün üçsəsli fuqa” pyesi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Təhsil” nəşriyyatında çapdan çıxıb.
Əsər 1939-cu ildə nota alınıb. Nəşrin redaktorları Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, professor, SSRİ Xalq artisti Fərhad Bədəlbəyli və BMA-nın nəzdində orta ixtisas məktəb-studiyanın direktoru, Əməkdar incəsənət xadimi, professor Tərlan Seyidovdur.
Nəşrin təqdimatı və əsərin ilk ifası aprelin 26-da Bakı Musiqi Akademiyasının böyük zalında baş tutacaq. Əsər professor Tərlan Seyidovun sinfində təhsil alan, pianoçuların Qara Qarayev adına I Beynəlxalq elmi-ifaçılıq müsabiqəsinin qalibi, BMA-nın magistri Fəqan Həsənlinin ifasında səslənəcək.
Qeyd edək ki, əsər aprelin 22-dən 26-dək Bakı Musiqi Akademiyası tərəfindən Qara Qarayevin 95 illiyi münasibətilə keçirilən “Təhlil və ifa edir gənc musiqiçilər” II Respublika elmi-ifaçılıq müsabiqəsi çərçivəsində təqdim edilir. Bu müsabiqə Bakıda ilk dəfə 1983-cü ildə təşkil olunub.
Uzun fasilədən sonra gerçəkləşən müsabiqənin açılışında çıxış edən Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzinin təhsil şöbəsinin müdiri Natiq Mustafayev musiqi təhsili sistemində belə tədbirlərin əhəmiyyətini vurğulayıb. Müsabiqə fortepiano, orkestr alətləri (simli və nəfəsli), vokal, xalq çalğı alətləri nominasiyaları üzrə keçirilir.