Bolqarıstan qəzetində Müslüm Maqomayev haqqında məqalə dərc olunub
Bolqarıstanın “24 saat” qəzetində dünya şöhrətli Azərbaycan musiqiçisi, SSRİ Xalq artisti, unudulmaz opera və estrada ifaçısı Müslüm Maqomayevə həsr olunmuş məqalə dərc edilib.
“Müslüm Maqomayev - KQB-nin şefi tərəfindən xilas edilən karyera” adlı məqalə müəllifin görkəmli ifaçı haqqında bu sözləri ilə başlayır: “İlk dəfə onun adına 80-ci illərin əvvəllərində Vladimir Vısotskinin oxuduğu mahnılardan birində rast gəldim. Bir müddət sonra bildim ki, Maqomayev təkcə ifaçı deyil, iki yüz milyon əhalisi olan ölkənin ən populyar və sevilən insanıdır. 60-70-ci illərdə onun qrammofon valları inanılmaz tirajla satılır, çıxış etdiyi konsert zalları, hətta stadionlar belə tamaşaçılara bəs etmirdi”.
Daha sonra məqalədə sənətkarın 1942-ci ildə Bakıda anadan olması, həyat və yaradıcılığı haqqında geniş məlumat verilir: “Azərbaycanlılar onu əfsanə hesab edirlər. O, xalqının sevimli oğlu, hər kəsin fəxr etdiyi sənətkardır. Heç şübhəsiz, onun bu həddə sevilməsində nəslinin də rolu danılmazdır. Baba Müslüm Maqomayev Azərbaycan klassik musiqisinin əsasını qoyan insanlardan biri hesab olunur. Müslümün atası Məhəmməd Böyük Vətən müharibəsinin bitməsinə 9 gün qalmış cəbhədə həlak olub və o, dayısı Camalın himayəsində böyüyüb”.
Müslüm Maqomayevin gənclik illərindən söz açan müəllif onun ilk evliliyi ilə bağlı maraqlı məqamları oxucuların diqqətinə çatdırır: “18 yaşında olarkən Müslüm artıq populyar müğənni idi. Oxuduğu musiqi məktəbində Ofeliya adlı bir qızla tanış olur və bu romantik məhəbbət sayəsində onlar evlənməyi qərarlaşdırırlar. Bundan xəbər tutan xalası onun pasportunu aylarla qonşularda gizlətməli olur. Lakin buna baxmayaraq iki gənc nikaha daxil olur, ailə qururlar. Bu Müslümün həyatında ilk nikahı olur. Onların Marina adlı qız övladları dünyaya gəlir. Müslümün uzunmüddətli qastrol səfərləri cütlüyün ayrılmasına səbəb olur”.
Ümumittifaq miqyasında ulduz olan Müslümin karyerası 1963-cü il 26 mart tarixindən sonra daha da parlamağa başlayır. Həmin il Moskvada keçirilən Azərbaycan mədəniyyəti günlərinin bağlanış mərasimində çıxış edən sənətçi SSRİ mədəniyyət naziri Yekaterina Fursevanın diqqətini çəkir, həmin andan nazir gənc istedadın bir növ himayəçisi və ən sadiq tamaşaçısına çevrilir. Bu müddətdə Maqomayevin populyarlığı da günü-gündən artmağa başlayır. O, solo konsertlər verir, Milanın La Skala Teatrında təcrübə keçir və ilk dəfə Kann şəhərində keçirilən estrada festivalında “Qızıl plastinka” mükafatına layiq görülür.
Populyarlığı sayəsində Müslüm öz dost və tanışlarına əl tutmaqdan da geri qalmırdı. Hətta bu xeyirxahlığına görə az qala karyerası da alt-üst olacaqdı. Belə ki, Rostov-Don kazaklarının konserti zamanı səhnə geyimlərinin alınmasına kömək məqsədilə səhnəyə üç dəfə çıxaraq mövcud qonorar tarifinə görə nəzərdə tutulduğundan üç dəfə çox - 202 rubl əvəzinə 606 rubl gəlir əldə etdiyinə görə, bir müddət onun səhnəyə çıxmasına qadağa qoyulur. Bu məsələdən Parisdə, məşhur “Olimpiya” zalında konsert zamanı xəbər tutan Müslüm orada qalıb işləmək təklifi alsa da, bunu qəbul etməyib vətəninə qayıdır. Bir müddət keçdikdən sonra Müslümün KQB-nin yaranmasına həsr edilmiş konsert proqramında çıxış etməsi üçün Mədəniyyət Nazirliyinə zəng vurulur. Nazir ifaçıya qadağa qoyulduğunu bildirəndə KQB-nin o vaxtkı rəhbəri Yuri Andropov qadağanın ləğv edildiyini bildirir. Bu faktları diqqətə çatdıran müəllif vurğulayır ki, Müslüm təkcə sadə xalq kütləsinin deyil, dövlətin yuxarı rütbəli vəzifə adamlarının da sevimli müğənnisi olmuşdur. Məqalədə Azərbaycanın rəhbəri Heydər Əliyevin Müslüm Maqomayevlə yaxın dost olduğu, ona hər zaman dəstək verdiyi vurğulanır. SSRİ rəhbəri Leonid Brejnevin Bakıya səfəri zamanı konsertdə Müslümün ifasında “Kiçik torpaq” mahnısını (Böyük Vətən müharibəsindən bəhs edən - red.) dinləyərkən ağladığının kadrlarda qaldığı xüsusi vurğulanır.
Məqalə bu sonluqla bitir: “1973-cü ildə Müslüm Maqomayev SSRİ tarixində ən gənc Xalq artisti adına layiq görülür. Buna baxmayaraq o, həmişə öz seçimində sərbəst olub... Kommunist Partiyasının qadağa qoyduğu “Beatles”dən, Frenk Sinatrodan da parçalar ifa edib... 1972-ci ildə tanış olduğu Tamara Sinyavskaya ilə 1974-cü ildə ailə qurur. Əlçatmaz ulduz - Müslüm Maqomayev 25 oktyabr 2008-ci ildə dünyasını dəyişir, xalqın qəlbində yaşayaraq əbədiyyətə qovuşur”.
Hazırladı: Lalə Azəri