Mayın 24-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında görkəmli bəstəkar Cüzeppe Verdinin 200 illiyinə həsr olunan konsert keçiriləcək. Konsertdə Xalq artisti, dirijor Rauf Abdullayevin rəhbərliyi altında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında bəstəkarın əsərlərindən parçalar səslənəcək. XIX əsrdə yaşamış italyan bəstəkarı Cüzeppe Verdi əsasən opera əsərlərinin müəllifi olub. Dünyada əsərləri ən çox səhnələşdirilən opera bəstəkarlarından olan C.Verdi ilk operası “Oberto”nu 1838-ci ildə qələmə alıb.