İyunun 3-də Azərbaycan Bəstəkarlar İttifaqında Beynəlxalq Uşaqları Müdafiə Gününə həsr olunmuş kamera konserti keçirilib. 
   Konsertdən əvvəl ittifaqın sədri, Xalq artisti, professor Firəngiz Əlizadə çıxış edərək Azərbaycan bəstəkarlarının uşaq musiqisinə həmişə böyük diqqət yetirdiyini vurğulayıb. Bildirilib ki, təqdim olunan konsert Azərbaycan Bəstəkarlar İttifaqının uşaqların yaradıcılıq imkanlarının üzə çıxarılması ilə bağlı həyata keçirdiyi layihənin növbəti tədbiridir.
   Konsertdə Bakı musiqi məktəblərinin respublika və beynəlxalq müsabiqələrin laureatları olan istedadlı şagirdləri iştirak ediblər. Sarabəyim Əmiraslanova (vokal), Günəş Cəfərova (violin), Elyar Əliyev (vokal), Tofiqə Axundzadə (piano), Səid Rəsulov (truba), Nilufər Cəfərli (piano), Mehdi Mehdiyev (trombon), Dilbər Məmmədova (piano), Kamran Talıblı (fleyta), Məryəm Vəliyeva (piano), Atabəy İsmayılovun (tar) çıxış etdiyi konsert böyük maraqla qarşılanıb.
   Konsertdən sonra bəzi ifaçılara Bəstəkarlar İttifaqının fəxri diplomları təqdim olunub.