Azərbaycanın Xalq artisti Mənsum İbrahimov Lüksemburqda çıxış edib. Ölkəmizin Belçikadakı səfirliyinin dəstəyi ilə təşkil olunmuş konsertdə Azərbaycan simfonik muğamları Lüksemburqun Kamera Orkestri ilə birgə ifa olunub. Konsertin proqramı 2007-ci ildə hazırlanmış “Simfonik-muğam” layihəsi əsasında təşkil olunub.
Mənsum İbrahimovu səhnədə Lüksemburq Kamera Orkestri ilə yanaşı, əməkdar artistlər Elnur Əhmədov (kamança) və Elçin Həşimov (tar) müşayiət edib. Konserti Xalq artisti, dirijor Yalçın Adıgözəlov idarə edib. Konsertdə diplomatik korpusun nümayəndələri, ziyalılar iştirak ediblər.
Lüksemburq Kamera Orkestri Mənsum İbrahimova eyni proqramla Avropa ölkələrinə qastrol səfərinə çıxmağı təklif edib. Xalq artisti təklifi qəbul etdiklərini deyib: “Payız aylarından etibarən səfərimizi gerçəkləşdirəcəyik”.