Qara Qarayev adına 8 nömrəli onbirillik musiqi məktəbinin illik konserti
   
   İyunun 7-də Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqisi zalında (Kapelhaus) paytaxtın Qara Qarayev adına 8 nömrəli onbirillik musiqi məktəbinin illik yekun konserti keçirildi.
   
   Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş konsertdə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri çıxış etdi. Orkestrin bədii rəhbəri və baş dirijoru Xalq atisti Teymur Göyçayevdir.
   Mədəniyyət və Turizm Nazirliyi, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin dəstəyi ilə gerçəkləşən konsert proqramında bəstəkar Samir Əliyevin ulu öndər Heydər Əliyevin və görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın xatirəsinə ithaf etdiyi “Elegiya”sı musiqi məktəbinin direktoru, Əməkdar müəllim Kamal Paşazadənin ifasında ilk dəfə səsləndirildi. Həmçinin məktəbin şagirdləri A.Vivaldi, İ.S.Bax, V.A.Motsart, N.Paqanini, M. de Falya, E.Blox və digər dünya bəstəkarlarının əsərlərini ifa etdilər.
   Direktor Kamal Paşazadə qəzetimizə açıqlamasında bildirdi ki, hər dərs ilinin sonunda belə bir proqram təşkil edirlər, budəfəki konsert isə xüsusilə əlamətdardır. Çünki böyük öndər Heydər Əliyevin yubileyinə həsr olunub: “Mayın 30-da məktəbimizdə ümummilli liderin 90 illiyi münasibətilə geniş tədbir keçirdik. İndi isə məktəbimizin ən istedadlı uşaqlarının iştirakı ilə belə bir proqram təşkil etmişik. Məktəbimizin şagirdləri arasında çoxlu istedadlı ifaçılar, respublika və beynəlxalq müsabiqələrin laureatları, Prezident təqaüdçüləri var. İl ərzində şagirdlərin iştirakı ilə 5-6 konsert proqramı təşkil edirik. Bu, eyni zamanda onların tanınmasına, uğurlarının nümayişinə xidmət edir”.
   Qeyd edək ki, konsert proqramında 14 musiqi nömrəsi səsləndirildi. Uşaqların bütün çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılandı.
   
   Fəxriyyə Abdullayeva