Tanınmış cazmen, Azərbaycanın Əməkdar artisti, Prezident təqaüdçüsü İsfar Sarabski Nyu-Yorkun “Appolo Teatr”ında keçirilən “Harlemdə böyük gecə” adlı caz qala-konsertində uğurla çıxış edib. Amerika Caz Fondu tərəfindən təşkil olunmuş xeyriyyə gecəsində mindən artıq qonaq iştirak edib. Konsertdə tanınmış caz ifaçıları Elvis Costello, Paul Shaffer, Cefri Vrigt, Ceyms Karter, Henri Butler, Don Bayron, Nicholas Payton və başqaları çıxış ediblər. Azərbaycanlı cazmenin çıxışı maraqla qarşılanıb.
   Bülbül adına orta ixtisas musiqi məktəbini və Bakı Musiqi Akademiyasının fortepiano fakültəsini (professor Fərhad Bədəlbəylinin sinfi) bitirən İsfar Sarabski Berkli Musiqi Kollecində təhsil alır. 24 yaşlı ifaçı 2009-cu ildə İsveçrədə keçirilən 43-cü beynəlxalq Montrö (Montreux) caz müsabiqəsinin qalibi olub, 2010 və 2012-ci illərdə də bu mötəbər yarışmada iştirak edib. Londonda keçirilən “Buta: Azərbaycan mədəniyyəti festivalı”, habelə “Queen Elizabeth Hall”da keçirilən “Neft və caz” adlı layihələrin (2009) iştirakçısıdır. 2012-ci ilin 27 aprelində Parisdə UNESCO tərəfindən təşkil edilən ilk “Caz Günü”ndə, “Herbi Henkokun dostları” adlı konsertdə, İsveçrədə Sion Festivalında (2012) ölkəmizi layiqincə təmsil edib. Gənc pianoçu ABŞ, Fransa, Almaniya, Avstriya, İngiltərə, İsveçrə, Meksika, Rusiya və s. ölkələrin məşhur konsert zallarında çıxış edib.
   
   Lalə Azəri