Ümummilli lider Heydər Əliyevin Azərbaycan mədəniyyətinin, musiqi sənətinin inkişafına, gənc musiqiçilər nəslinin yetişdirilməsinə töhfələri misilsizdir. Bu günlərdə Təhsil Nazirliyi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin birgə təşkilatçılığı ilə keçirilən ali təhsil müəssisələri tələbələrinin musiqi ifaçılığı müsabiqəsi də ulu öndərin əziz xatirəsinə ehtiramın nümunəsi idi.
   
   Mədəniyyət və İncəsənət Universitetinin 90 illiyi ərəfəsində gerçəkləşən sənət yarışması təhsil ocağında musiqi təhsilinin əsasını təşkil edən 6 ixtisası əhatə edirdi: aşıq sənəti, xalq çalğı alətləri, xanəndəlik sənəti, fortepiano ixtisası, vokal ifaçılığı, estrada və populyar musiqi.
   Universitetimiz beynəlxalq universitetlərarası əlaqələrin inkişafına çox böyük önəm verir. Müsabiqəyə respublikamızın müxtəlif ali məktəbləri ilə yanaşı, xarici ölkələrin musiqi ifaçılarının - Türkiyə, İran, Nigeriya, Cənubi Koreya, Ukrayna təmsilçilərinin də qatılması bunu bir daha sübuta yetirdi.
   Aprelin 29-dan mayın 3-dək gerçəkləşən, iki turdan ibarət olan müsabiqə fortepiano pasajlarının parlaqlığı, instrumental səslənmənin virtuozluğu, xanəndələrin zənguləsi, vokalçıların müxtəlif tembrli səsləri, estrada improvizələri, saz-söz deyişmələri ilə yadda qaldı. Müsabiqənin təntənəli açılış mərasimi və yekunu Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində keçirildi. Görkəmli sənət xadimlərinə, möhtəşəm tamaşalara şahidlik etmiş bu səhnədə çıxış etmək, incəsənət aləminə yenicə qədəm qoyan gənclər üçün böyük şərəf idi.
   Müsabiqənin təşkilat komitəsinə Təhsil Nazirliyi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məsul işçiləri, münsiflər heyətinə respublikanın görkəmli incəsənət xadimləri daxil idi. Mərasimi Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə açaraq gənc ifaçılar arasında belə sənət yarışmalarının keçirilməsinin əhəmiyyətini vurğuladı.
   Bu sənət bayramı Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Timuçin Əfəndiyevin təşəbbüsü və səyi nəticəsində ərsəyə gəlmişdi. Rektorun müsabiqə iştirakçılarına müraciətində deyilirdi: “Millətin gələcəyi onun istedadlı gəncləridir. Çalışın, yarışın, istedadınızı nümayiş etdirin. Çünki istedad üstəgəl əmək və məsuliyyət - qələbəyə aparan yeganə yol budur”. Bu tövsiyə müsabiqə iştirakçıları üçün olduqca önəmli idi.
   Müsabiqəsinin keçirilməsi gənc musiqiçilərin ifaçılıq səviyyəsinin və keyfiyyətinin nümunəvi nümayişi, ən böyük təcrübə məktəbi oldu. Gənc musiqiçilər yarış, rəqabət, qalibiyyət sevinci yaşadılar. Onların uğuru müəllimlərini, təmsil etdikləri ali təhsil ocaqlarını qürurlandırdı. 140 iştirakçıdan 42 nəfər laureat adına layiq görüldü, 26 iştirakçı diplomant oldu, 49 nəfər sertifikat aldı.
   Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov və Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Timuçin Əfəndiyevin imzaladıqları bu sənədlər onların yaradıcılıq tərcümeyi-halında yeni səhifə açdı.
   Ruhu olan elə bir insan tapılmaz ki, musiqi onun qəlbini titrətməsin. Xüsusilə elə bir musiqi ki, onu qəbul etmək, başa düşmək, ondan yararlanmaq hər bir insana nəsib olmur. Nə qədər ki, musiqi var, həyat var, yüksək ruh var. Nə qədər ki, professional ifaçılıq məktəbi var, mədəniyyət var. Nə qədər ki, mədəniyyət var, millət var.
   
   Sonaxanım İbrahimova,
   Əməkdar incəsənət xadimi, Mədəniyyət və İncəsənət Universitetinin “İnstrumental ifaçılıq və dirijorluq” kafedrasının müdiri, dosent







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar