İyunun 13-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Beynəlxalq Musiqi Muzeyləri və Kolleksiyaları Assosiasiyası üzvlərinin işgüzar görüşü keçirildi.
   
   Tədbir Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi, Musiqi Mədəniyyəti Dövlət Muzeyi, Rusiyanın Mədəniyyət Nazirliyi, “Rossotrudniçestvo” agentliyi və Ümumrusiya Musiqi Mədəniyyəti Muzeyləri Birliyi tərəfindən təşkil edilmişdi.
   Qonaqları salamlayan Mədəniyyət və Turizm Nazirliyinin Muzey işi sektorunun müdiri Azadə Hüseynova ölkələrimiz arasında mədəni əlaqələrin uğurla inkişaf etdiyini, muzeylərin əməkdaşlığının da bu prosesə töhfə verdiyini bildirdi. İki ölkənin musiqi mədəniyyəti muzeyləri işçilərinin görüşünün əhəmiyyəti vurğulandı.
   Sonra Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova “Azərbaycanda musiqi mədəniyyəti və muzey işinin inkişafında Heydər Əliyevin rolu” mövzusunda çıxış etdi. Onun çıxışı muzey materialları əsasında hazırlanmış slayd-şou ilə müşayiət edildi.
   Görüşdə Azərbaycan və Rusiyanın musiqi mədəniyyəti muzey işi sahəsində əlaqələrindən də söz açıldı. Qeyd olundu ki, 2010-cu ildə Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəsi Leyla xanım Əliyevanın iştirakı ilə Qlinka adına Musiqi Mədəniyyəti Muzeyində “UNESCO inciləri Moskvada: “Azərbaycan muğamı” adlı tədbir keçirilib. 2011-ci ildə Qlinka adına muzeyin təşəbbüsü ilə Musiqi Muzeyləri və Kolleksiyaları Beynəlxalq Assosiasiyası yaradılıb. Azərbaycan Musiqi Mədəniyyəti Muzeyi, Qlinka adına Musiqi Mədəniyyəti Mərkəzi Dövlət Muzeyi və Sankt-Peterburq Dövlət Teatr və Musiqi Muzeyi arasında əməkdaşlıq haqqında müqavilə bağlanıb. Hər üç muzey Musiqi Muzeyləri və Kolleksiyaları Beynəlxalq Assosiasiyasına təsisçi qismində daxil olub. Assosiasiyaya MDB və xarici ölkələrdən onlarla muzey daxildir. Bu illər ərzində qurumun müxtəlif ölkələrdə işgüzar görüşləri keçirilib.
   Bildirildi ki, Bakı görüşündə Rusiya ilə yanaşı, Latviya, Qazaxıstan, Niderland, Almaniyadan nümayəndələr iştirak edir. İyunun 15-dək davam edəcək işgüzar görüşün tədbirləri planında muzeylərə baxış, seminarlar, “dəyirmi masa”lar keçirilməsi, “Azərbaycan-Rusiya: musiqi paralelləri” sərgisinin açılması daxildir.
   Ümumrusiya Musiqi Mədəniyyəti Muzeyləri Birliyinin baş direktoru Mixail Brızqalov çıxış edərək belə əhatəli tədbirlərin təşkilinə görə Azərbaycan tərəfinə minnətdarlığını bildirdi, muzeylərin müasir dövrdə fəaliyyətləri yolunda aparılan tədqiqatlardan danışdı.
   Sonda Rusiya muzeyləri adından Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyinə qiymətli muzey eksponatlarını özündə əks etdirən kitablar hədiyyə olundu.
   
   Lalə Azəri