Braziliyalı musiqiçi Bernardo Bittenkur "Karvansaray" adlı musiqi qrupu yaradıb. İyulun 13-də qrupun paytaxt Braziliyada konserti olub. Konsertdə Cənubi Avropa, Şimali Afrika və Yaxın Şərq regionunun bir sıra ölkələrinin musiqiləri tamaşaçılara təqdim edilib. "Karvansaray" qrupunun rəhbəri Azərbaycanın zəngin musiqi ənənələri barədə söz açaraq ölkəmizdə etnocaz musiqisinin inkişaf etdiyini xüsusi vurğulayıb. O, rəhbərlik etdiyi qrupun Braziliya və Azərbaycan musiqilərinin sintezi üzərində iş apardığını deyib.
Qrup konsertdə “Bayatı-Şiraz” muğamı, həmçinin “Sən gəlməz oldun” mahnısının Braziliya musiqisi ilə sintez edilmiş variantını ifa edib və bu, tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.
Bernardo Bittenkur Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə ölkəmizin Braziliyadakı səfirliyi tərəfindən keçirilmiş “Mən Azərbaycan haqqında nə bilirəm” inşa müsabiqəsinin qalibi olub və respublikamıza səfər etmək imkanı qazanıb.