Azərbaycanımızın qədim yurd yerlərindən biri olan Şəki füsunkar təbiəti, tarixi abidələri, sənətkarlığı ilə əsl mədəniyyət mərkəzinə çevrilmişdir. Bir gözəl nəğmədə deyildiyi kimi «Dayanıbdı dağ təki, dağlar qoynunda Şəki».
   
   Qeyri-adi əsrarəngiz təbiəti olan Şəki səyyahları da heyran etmişdir. Fransız yazıçısı Aleksandr Düma Şəkidə olarkən buradakı dağlara, bulaqlara, onun şairanə mənzərəsinə vurğunluğunu özünün «Qafqaz səfəri» əsərində belə ifadə edir: «Biz Nuxadan (Şəkidən) uzaqlaşdıqca onun görünüşü daha da gözəlləşir və bütün füsunkarlığı ilə gözümüzün önündə canlanırdı».
   Rus yazıçısı Lev Tolstoy «Hacı Murad» əsərində Şəki mənzərəsini, onun gözəl bitkilər aləmini, xoş təravətli axşamlarını özünəməxsus tərzdə qələmə almışdır.
   Böyük rus şairi A.S.Puşkinin dostu, süvari generalı N.N.Rayevski isə Şəkini «yüksək dərəcəli Baxçasaray» adlandırmışdır. Türk yazıçısı Nazim Hikmətin də Şəki haqqında fikirləri çox maraqlıdır. O yazır: «Əgər Azərbaycanın başqa tikililəri olmasaydı bircə Şəki Xan Sarayını dünyaya göstərmək bəs edərdi».
   Qədim dövrlərdən mədəniyyət və ticarət mərkəzi, gözəlliklər məskəni olan Şəki haqqında belə dəyərli fikirlər çoxdur. Unudulmaz şairimiz, Şəki torpağının Azərbaycanımıza bəxş etdiyi söz ustadı Bəxtiyar Vahabzadə də öz doğulub boya-başa çatdığı elini belə vəsf edir:
   
   Elə bil yenicə sığal vurmusan,
   Sanki gül bağısan, çiçəksən Şəki.

   
   Bir neçə gün idi ki, Şəki yalnız gül-çiçəklə deyil, həm də dünya musiqi xəzinəsinin inciləri ilə bəzənmişdi. «İpək Yolu» IV Beynəlxalq musiqi festivalının Şəkidə keçirilməsi bu ecazkar diyarın gözəlliklərinə xüsusi bir rəng qatdı. Festivalın «İpək Yolu» adlandırılması da Şəki ipəyinin dünyada məşhur olmasının və gözəlliyinin ifadəsidir.
   2010-cu ildən keçirilən «İpək Yolu» festivalı ildən-ilə inkişaf edərək mədəniyyətimizdə mühüm bir ənənəyə çevrilmişdir. Ümumiyyətlə, son illər Azərbaycanda bir neçə beynəlxalq festivallar keçirilir ki, onların da hər birinin özünəməxsus ənənəsi var. Bu mənada «İpək Yolu» festivalı da xüsusi əhəmiyyət kəsb edir. Əvvəla, bu festival gözəl təbiəti, zəngin mədəni irsi olan qədim bir tarixi məkanda keçirilməklə, bu diyarın adını və gözəlliyini dünyaya bəyan etməklə bir daha Azərbaycanımızın şərəfini ucaldır. «İpək Yolu»nun əhatə dairəsi ildən-ilə genişlənir ki, bu da festivalın repertuarını zənginləşdirir. Repertuardan danışarkən bunu xüsusi qeyd etməliyik ki, hər il festival zamanı Şəkidə Azərbaycan musiqi mədəniyyətinə qızıl hərflərlə yazılan möhtəşəm bir əsər nümayiş olunur. Ötən illərdə festival çərçivəsində Üzeyir Hacıbəylinin «Leyli və Məcnun», «Əsli və Kərəm», Müslüm Maqomayevin «Şah İsmayıl» operaları göstərilmişdi. Builki festivalda isə Qara Qarayevin «Yeddi gözəl» baleti nümayiş etdirildi. Şəkinin qədim abidələrindən biri olan Aşağı Karvansarayın möhtəşəmliyi ilə Qara Qarayev musiqisinin sədaları qovuşaraq insanların mənəvi dünyasına xüsusi bir rəng qatdı.
   İyunun 28-dən iyulun 4-ə qədər davam edən «İpək Yolu» IV Beynəlxalq musiqi festivalı bir çox yenilikləri ilə tarixin yaddaşına yazıldı. Bu yeniliklərdən biri odur ki, bu ildən etibarən festivalın xüsusi rəmzi hazırlanıb. Bu ipək üzərində yarpaq və barama qurdunun təsviri olan, sanki musiqi açarını xatırladan bir simvoldur.
   Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycan Bəstəkarlar İttifaqının və Şəki Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən festivala 12 ölkənin nümayəndələri qatılmışdı. Festival həm şəkililər, həm də qonaqlar üçün musiqi bayramına çevrildi. Çünki festivalın keçirilməsi daha bir əlamətdar hadisəni özündə ehtiva etdi.
   Bu fikri festivalın bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, UNESCO-nun «Sülh naminə incəsənət xadimi», professor Firəngiz Əlizadənin sözləri ilə ifadə edək: “Bu il ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə əlamətdardır. Bu münasibətlə ulu öndərin ölməz xatirəsinə həsr olunmuş yekun konsert keçirildi və burada onun çox sevdiyi Üzeyir Hacıbəylinin «Koroğlu» operasının qəhrəmani sədaları səsləndi. Ümumiyyətlə, festivala hazırlıq işlərində biz ulu öndərin xalqımızın mədəniyyətinin inkişafı, maariflənməsi və beynəlxalq səviyyədə layiqincə təmsil olunması baxımından tövsiyələrinə və qoyduğu ənənələrə əsaslanmışıq. Bu ənənələrdən biri də gələcəyimiz olan gənclərə xüsusi diqqətin ayrılmasıdır. Festival zamanı Şəki Musiqi Kollecində keçirilən ustad dərsləri buna gözəl nümunədir”.
   Bu yerdə bir qədər həmin ustad dərslərindən danışaq. İyunun 30-da Ələsgər Abdullayev adına Şəki Musiqi Kollecində Xalq artisti, professor Yeganə Axundovanın ustad dərsi keçirildi. Kollecin IV kurs tələbəsi Türkan Məmmədli və II kurs tələbəsi Nigar İsayeva maraqlı repertuarla çıxış etdilər. Onların hər bir ifasına diqqətlə yanaşan Yeganə xanım tələbələrə bəzi iradları söyləsə də, onların gələcəyinə ümid bəslədiyini xüsusi vurğuladı.
   İyulun 1-də Xalq artisti, professor Zəhra Quliyevanın da ustad dərsi eyni dərəcədə maraqla qarşılandı. Bu dərslərdə Yeganə xanım və Zəhra xanım müəllim və tələbə kollektivinə, qonaqlara öz gözəl ifalarını da təqdim etdilər.
   İyulun 2-də isə kollecin tələbələri öz konsert proqramları ilə həmin ustad dərslərinin müsbət təsirini nümayiş etdirdilər. Kollecin tələbələrindən ibarət kamera və xalq çalğı alətləri orkestrləri, xor kollektivi və ayrı-ayrı solistlər Üzeyir Hacıbəyli, Qara Qarayev, Tofiq Quliyev və başqa bəstəkarların əsərlərini məharətlə ifa etdilər.
   İyulun 3-də isə kollecin müəllim və tələbə heyəti ilə Bəstəkarlar İttifaqı nümayəndələrinin görüşü keçirildi. İttifaqın sədri, professor Firəngiz Əlizadə çıxış edərək həm «İpək Yolu» festivalı, həm də qurumun fəaliyyəti ilə bağlı geniş məlumat verdi. Daha sonra digər nümayəndələr Bəstəkarlar İttifaqının katibləri - Əməkdar incəsənət xadimi, professor Zemfira Qafarova, sənətşünaslıq üzrə fəlsəfə doktoru Lalə Hüseynova, İttifaqın üzvləri - professor Mina Hacıyeva, sənətşünaslıq üzrə fəlsəfə doktoru Seyran Qafarov, Əməkdar incəsənət xadimi Tahir Əkbər və bu sətirlərin müəllifi çıxış edərək müəllim və tələbələri maraqlandıran məsələlərdən danışdılar.
   Ümumilikdə festival maraqlı hadisələrlə yadda qaldı. Musiqi bayramında çıxış edən kollektivlərlə tanışlıq və onların ifaları fikrimizi təsdiq edir. Bu mənada iyunun 28-də MDB ölkələri - Rusiya, Moldova, Ukrayna, Tacikistan, Qazaxıstan və Azərbaycanın rəqs ansambllarının birgə konserti, iyunun 29-da ABŞ-dan gəlmiş «Filligar» rok qrupu, iyunun 30-da və iyulun 1-də Koreya Respublikasının qədim musiqi nümunələrindən ibarət konsert, iyunun 30-da Türkiyənin «Axşam səfası» TRT orkestri və solistlərinin konserti, iyulun 2-də Şəki ilə qardaşlaşmış şəhərlər - Türkiyənin Giresun və Konya şəhərləri rəqs ansambllarının çıxışları deyilənlərə ən gözəl nümunədir. Bu konsertlər şəhərin həm qədim abidələrində-Aşağı Karvansarayda, Xan sarayında, həm də cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə tikilmiş «Yay teatrı»nda keçirilirdi. Konsertlər iştirakçı ölkələrin musiqiçiləri üçün əsl dostluq körpüsünə çevrildi. Türkiyənin «Axşam səfası» orkestrinin solistləri ilə xalq artistləri Mələkxanım Əyyubova, Möhlət Müslümov və Fəxrəddin Dadaşovun bir səhnədə çıxış etməsi, Xalq artisti Alim Qasımov və Əməkdar artist Fərqanə Qasımovanın Şəki Xan Sarayının qarşısında möhtəşəm muğam ifaları, Əməkdar artist Tünzalə Ağayevanın «Yay teatrı»nda «Hicaz» qrupu ilə konserti izləyicilərə xüsusi zövq aşıladı.
   «İpək Yolu» IV Beynəlxalq musiqi festivalı son dərəcə yüksək şəkildə təşkil olunmuşdu. Bu işdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov və onun rəhbərlik etdiyi kollektiv böyük səy göstərmişlər. İyulun 4-də Aşağı Karvansarayda Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri, F.Əmirov adına Dövlət Mahnı və Rəqs Ansamblı və Şəki Musiqi Kollecinin xor kollektivi birgə çıxış etdi. Əməkdar artist Almaz Orucova, Arzu Əliyeva, Babək Niftəliyev və Ramil Qasımovun ifaları da rəğbətlə qarşılandı. Festival Üzeyir bəyin «Koroğlu» operasından «Çənlibel» xoru ilə tamamlandı.
   Bağlanış mərasimində çıxış edən Bəstəkarlar İttifaqının sədri, professor Firəngiz Əlizadə, şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov öz xoş təəssüratlarını bölüşərək belə festivalların dövlət səviyyəsində keçirilməsi üçün yaradılan şəraitə və bu tədbirlərin xalqın mədəniyyətinə bəxş etdiyi uğurlara görə möhtərəm Prezidentimiz İlham Əliyevə, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevaya bütün tədbir iştirakçıları adından təşəkkür etdilər. Çıxışlarda artıq 2014-cü ildə keçiriləcək 5-ci - yubiley festivalına hazırlığın başladığını da söylədilər. Beləliklə, «İpək Yolu» IV Beynəlxalq musiqi festivalı mədəniyyət tariximizdə yeni səhifə açaraq unudulmaz sədaları ilə yaddaşlara həkk olundu. Növbəti festivalda görüşmək ümidi ilə.
   
   Səadət Təhmirazqızı,
   sənətşünaslıq üzrə fəlsəfə doktoru