Heydər Əliyev Fondunun təşkilatçılığı ilə beşinci dəfə keçirilən festivalda 10-dək ölkədən tanınmış ifaçılar iştirak edir
   
   İyulun 24-də Qəbələ şəhərində V Beynəlxalq Musiqi Festivalına start veriləcək. Heydər Əliyev Fondunun möhtəşəm beynəlxalq layihələri sırasında xüsusi yer tutan Qəbələ festivalı 2009-cu ildən ənənəvi olaraq keçirilir. Müxtəlif ölkələrdən tanınmış ifaçıları, məşhur kollektivləri bir araya gətirən musiqi bayramı artıq beşinci dəfə gerçəkləşir.
   
   Azərbaycanın birinci xanımı, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi altında həyata keçirilən digər mədəniyyət layihələri kimi, Qəbələ festivalı da beynəlxalq sənət aləmində geniş rezonans doğurur. Bu festival sayəsində qədim Qəbələ dünyanın musiqi xəritəsində özünəməxsus yer qazanıb.
   Festival günlərində Qəbələyə çoxsaylı yerli və xarici qonaqların gələcəyini nəzərə alaraq rayonda geniş hazırlıq işləri görülüb. Şəhərin küçələrində, İsmayıllı-Qəbələ-Şəki avtomobil yolunun kənarında, müxtəlif hotel və istirahət mərkəzlərində festivalla bağlı plakatlar diqqəti xüsusilə cəlb edir.
   Avqustun 6-dək davam edəcək festivalda Azərbaycandan və xarici ölkələrdən görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər, dirijorlar iştirak edəcəklər.
   Musiqi bayramına Rusiya, Türkiyə, Böyük Britaniya, ABŞ, İtaliya, Fransa, Koreya, İsrail, Litva, Kuba və Qazaxıstandan dünya şöhrətli dirijor, ifaçı və kollektivlər qatılacaq.
   Yerusəlim Simfonik Orkestri, Yuri Başmet və "Yeni Rusiya" simfonik orkestri, Kuba caz qrupu, Amos Talmon, Boris Berezovski, Vadim Repin, Oksana Yablonskaya, Dmitri Yablonski, Yader Benyamini, Mirko Roverelli, Karmelo Korrado Karuzo, İdil Biret, Nina Koqan, Jean Bernard Pommier, Jan Lothem Konig, Ayman Musaxacayeva, Aleksandr Solovyov, Sergey Leyferkus, Muza Rubayskite, Hee Youn Choue, Mixail Qutman və başqaları musiqisevərlərə unudulmaz anlar bəxş edəcəklər.
   Festival konsertlərində Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Bakı Musiqi Akademiyasının kamera orkestri, xalq artistləri Fərhad Bədəlbəyli, Rauf Abdullayev, Murad Adıgözəlzadə, Yalçın Adıgözəlov, Murad Hüseynov, Yeganə Axundova, Mənsum İbrahimov, Əməkdar incəsənət xadimi Fəxrəddin Kərimov, əməkdar artistlər Gülnaz İsmayılova, Toğrul Qəniyev, Elçin Əzizov, Fəridə Məmmədova, Səbinə Əsədova, Elçin Həşimov, Elnur Əhmədov, Sahib Paşazadə, beynəlxalq müsabiqələr laureatları Fuad İbrahimov, Yusif Eyvazov, Elvin Qəniyev, Azər Rzazadə, istedadlı gənc solistlər, muğam ifaçıları çıxış edəcəklər.
   Mədəniyyət və Turizm Nazirliyi V Qəbələ Beynəlxalq Musiqi Festivalına təşkilati dəstək verir.