Konsert proqramlarında dünya klassikasının inciləri təqdim olunur
   
   “Qafqaz Resort” hotelində kamera musiqisi axşamı
   
   Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən V Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində iyulun 25-də kamera musiqisi axşamı olub. Qəbələ şəhərindəki “Qafqaz Resort” hotelinin kamera zalında keçirilən konsertdə görkəmli Avropa bəstəkarlarının əsərlərindən parçalar səsləndirilib.
   Konsertdə beynəlxalq müsabiqələr laureatları olan istedadlı gənc pianoçular - P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının nəzdindəki Mərkəzi Musiqi Məktəbinin tələbəsi Nazxanım Dadaşova, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbəsi Müşfiq Quliyev, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin solisti İlahə Sadıxzadə, vokalçı Məhərrəm Hüseynov, Mustafa Mehmandarov (skripka), Jalə Əliyeva (violonçel) və “Bakutrio” qrupu çıxış edib.
   Proqramda V.A.Motsartın “Fiqaronun toyu”, “Don Juan” operalarından, E.Qriqin “Kənd həyatının mənzərələri”, D.Şostakoviçin “Trio” əsərlərindən parçalar ifa olunub. Azərbaycan musiqiçilərinin çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

   Dahi italyan bəstəkarının yubileyinə həsr edilmiş konsert
   
   İyulun 25-də beynəlxalq festival çərçivəsində dahi italyan bəstəkarı Cüzeppe Verdinin anadan olmasının 200 illiyinə həsr edilmiş yubiley konserti keçirilib.
   İtaliyalı dirijor Jder Biqnamininin müşayiəti ilə təqdim olunan “Viva Verdi” adlı konsertdə Yerusəlim Simfonik Orkestri bəstəkarın əsərlərindən nümunələri səsləndirib.
   İki hissədən ibarət konsertdə məşhur türkiyəli və italiyalı vokalçılar Burçin Savigne (soprano), Karmelo Korrado Karuzo (bariton), eləcə də onların azərbaycanlı həmkarları Yusif Eyvazov (tenor), Səbinə Əsədova (messo-soprano) dahi bəstəkarın əsərlərindən parçalar ifa ediblər.
   Musiqi axşamında Cüzeppe Verdinin “Taleyin gücü”, “Don Karlos”, “Bal-maskarad”, “Otello”, “Atilla”, “Aida”, “Trubador” operalarından parçalar təqdim olunub.