Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycan Bəstəkarlar İttifaqının və Şəki Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şəkidə keçirilən “İpək Yolu” IV Beynəlxalq musiqi festivalı başa çatdı.
   
   İyulun 4-də, festivalın sonuncu günündə musiqisevərlər əvvəlcə şəhərin yay teatrında Azərbaycanın Əməkdar artisti Tünzalə Ağayevanın konsertini izləyiblər.
   Belə bir musiqi bayramında iştirak etdiyinə görə özünü xoşbəxt saydığını bildirən müğənni festivalın təşkilatçılarına minnətdarlığını bildirib. “Hicaz” qrupunun müşayiəti ilə müğənninin ifasında tanınmış Azərbaycan bəstəkarlarının əsərləri, məşhur türk müğənnisi Barış Mançonun, habelə dünyanın məşhur pop musiqisi ifaçılarının repertuarlarından mahnılar tamaşaçıların böyük marağına səbəb olub.
   Tünzalə Ağayevanın özünün müəllifi olduğu “Mən azərbaycanlıyam” mahnısını Şəki Musiqi Kollecinin tələbələri ilə birlikdə ifa etməsi tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Müğənni konsert proqramına Cəfər Cabbarlının sözlərinə Asəf Zeynallının bəstələdiyi “Ölkəm” romansı ilə yekun vurub.
   Sonda şəhər İcra Hakimiyyəti adından müğənniyə xatirə hədiyyələri təqdim olunub.
   Festivala “Aşağı Karvansaray” kompleksində ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş konsertlə yekun vurulub. Konsertdə Dövlət Xalq Çalğı Alətləri Orkestri, Fikrət Əmirov adına Dövlət Mahnı və Rəqs Ansamblı və Şəki Musiqi Kollecinin xor kollektivi maraqlı proqramla çıxış edib.