Xəbər verdiyimiz kimi, Gənclər və İdman Nazirliyinin dəstəyi, “Kainat” Gənclik Mərkəzinin təşkilatçılığı ilə V Beynəlxalq uşaq muğam festivalına hazırlıq gedir. 
   İyunun 25-də Qəbələ Mədəniyyət Mərkəzində festivalın milli seçimlərinin Şirvan zonası üzrə ilk turu keçirilib. Bu mərhələdə Qəbələ, Şamaxı, İsmayıllı, Göyçay və Ağsu rayonlarından yaşı 16-dək olan xalq mahnıları və muğam ifaçıları bacarıqlarını nümayiş etdiriblər.
   Seçim turunun sonunda münsiflər heyətinin sədri, Xalq artisti Ağasəlim Abdullayev nəticəni elan edib. Göyçay sakini Lalə Səmədova seçim turunun qalibi olaraq oktyabrda Bakıda keçiriləcək final mərhələsinə vəsiqə qazanıb.
   Tədbirdə çıxış edənlər layihənin gənc istedadların üzə çıxarılmasına, milli-mənəvi sərvətimiz olan muğamın inkişaf etdirilməsinə töhfə olduğunu vurğulayıblar. Sonda seçim turunun qalibinə və iştirakçılara xatirə hədiyyələri təqdim olunub.