Beynəlxalq festival iştirakçı və tamaşaçılara yaddaşlardan silinməyəcək anlar bəxş edir
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə reallaşdırılan V Qəbələ Beynəlxalq Musiqi Festivalının konsert proqramları davam edir. İyulun 24-də start götürən festivalda xarici ölkələrdən gəlmiş tanınmış kollektiv və ifaçılar, eləcə də Azərbaycan musiqiçiləri tamaşaçılara yaddaqalan anlar, zəngin təəssürat dolu sənət bayramı yaşadırlar.
“Ustaddan şagirdə” muğam axşamı
İyulun 31-də beynəlxalq festival çərçivəsində muğam axşamı keçirilib. “Ustaddan şagirdə” adlı konsertdə tanınmış xanəndə, Xalq artisti Mənsum İbrahimov, müxtəlif nüfuzlu festivalların iştirakçısı və beynəlxalq müsabiqələr laureatları Arzu Əliyeva və Aytən Məhərrəmova çıxış ediblər. Mindən çox tamaşaçının izlədiyi konsertdə muğam kompozisiyası və bəstəkarlarımızın əsərləri səsləndirilib.
Geniş proqramla çıxış edən muğam ifaçılarını əməkdar artistlər - Elçin Həşimov (tar) və Elnur Əhmədov (kamança) müşayiət ediblər.
Xanəndələrimizin ifa etdikləri “Bayatı-Şiraz”, “Mahur”, “Segah”, “Şahnaz”, “Rast” muğamları, eləcə də “Qarabağ şikəstəsi” tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Türkiyəli pianoçunun növbəti konserti
V Qəbələ Beynəlxalq Musiqi Festivalının proqramına uyğun olaraq iyulun 31-də “Qafqaz Resort” hotelinin kamera zalında keçirilən növbəti kamera musiqisi axşamında tanınmış türkiyəli pianoçu xanım İdil Biret çıxış edib.
Qeyd edək ki, İdil Biret iyulun 29-da festivalda ilk konsertini təqdim etmişdi. Fransalı musiqiçi Jean Bernard Pommierin dirijorluğu ilə Yerusəlim Simfonik Orkestrinin müşayiət etdiyi konsertdə qardaş ölkənin təmsilçisi görkəmli alman bəstəkarı Robert Şumanın əsərlərindən parçalar səsləndirmişdi.
Bu dəfə klassik Avropa bəstəkarlarının əsərlərini təqdim edən pianoçu gözəl ifası ilə dinləyicilərin qəlbinə yol tapıb. Musiqi axşamında Lüdviq van Bethoven və Frederik Şopenin əsərləri səsləndirilib. Konsert tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Paris Konservatoriyasında təhsil almış İdil Biret 16 yaşından Boston, London, Drezden orkestrləri ilə xarici ölkələrdə geniş konsert proqramıyla çıxış edib. O, yorulmadan qastrol səfərlərinə çıxaraq öz ifasını dünyanın bir çox guşələrində tanıdıb. Ötən əsrin 80-ci illərinin ortalarından başlayaraq məşhurlaşan İdil Biret əsasən caz-pop üslubunda ifa edən pianoçu kimi tanınır.
İfaçının albomları milyon yarımdan artıq tirajla satılıb. Dünya üzrə onlarla konsert vermiş İdil Biret instrumental musiqinin parlaq ulduzlarından biridir, dəfələrlə tanınmış musiqiçilərlə, istedadlı sənətkarlarla eyni səhnədə çıxış edib.
* * *
V Qəbələ Beynəlxalq Musiqi Festivalının iştirakçısı olan tanınmış musiqiçilər Heydər Əliyev Fondunun möhtəşəm mədəniyyət layihəsini yüksək qiymətləndirərək əsrarəngiz təbiət qoynunda musiqi bayramının iştirakçısı olmaqdan məmnunluqlarını ifadə edirlər.
“Bu sehrli məkana yenidən gəldiyim üçün çox şadam”
“Sehrli ölkəyə, gözəl məkana yenidən gəldiyim üçün çox şadam. Dostlarla yenidən görüşmək, onlarla birlikdə olmaq insana xüsusi zövq verir. Biz artıq bir musiqiçilər ailəsiyik”. Bu sözləri festivalın iştirakçısı, “Northern Simfonia” konsert salonunun bədii rəhbəri, Torino Filarmoniyasının (İtaliya) baş dirijoru, fransalı Con Bernard Pommier deyib.
Azərbaycana ilk dəfə bir neçə il əvvəl səfər etdiyini bildirən musiqiçi ötən müddət ərzində ölkəmizin sürətlə inkişaf etdiyini vurğulayıb. Tanınmış dirijor belə gözəl təşəbbüsü irəli sürənlərə, festivalın təşkilatçılarına minnətdarlığını bildirib: “Qəbələ qeyri-adi və gözəl məkandır. Buranın təbiəti möhtəşəmdir. Şəhər ətrafında gəzintiyə çıxdım. İnsanların mehribanlığı və qonaqpərvərliyi məni heyran etdi”.
“Festivalın təşkilatçılığı yüksək səviyyədədir”
Festivalın digər iştirakçısı, tanınmış rusiyalı pianoçu, BMT yanında Beynəlxalq İncəsənət Akademiyasının fəxri akademiki, ABŞ-dakı Culian Musiqi Akademiyasının professoru Oksana Yablonskaya möhtəşəm incəsənət bayramında Azərbaycan və Avropa bəstəkarlarının klassik əsərlərinin böyük məharətlə səsləndirildiyini vurğulayıb. O deyib: “Festival haqqında dünyanın müxtəlif qəzet və jurnallarında yazıların dərc edilməsi bu mötəbər incəsənət bayramının artıq dünyada getdikcə artan nüfuzuna əyani sübutdur. Mən çox şadam ki, belə bir möhtəşəm musiqi festivalının bədii rəhbərlərindən biri oğlum Dmitri Yablonskidir.
O, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə reallaşdırılan bu layihənin uğurla həyata keçirilməsi üçün professor Fərhad Bədəlbəyli ilə birgə çalışır. Mən tam əminliklə deyirəm ki, Heydər Əliyev Fondunun köməyi olmadan belə bir musiqi festivalını paytaxtdan kənarda yüksək səviyyədə təşkil etmək mümkün deyil. Qəbələnin gözəl təbiəti, buradakı beşulduzlu mehmanxanalar kompleksi, yaradılmış şərait, qonaqpərvər insanlar və yüksək xidmət musiqi ilə vəhdət təşkil edir”.
“Festival sayəsində Azərbaycanı yaxından tanımaq imkanı əldə etdim”
“Belə ecazkar məkana yenidən səfər etmək istərdim. Qəbələ Beynəlxalq Musiqi Festivalı haqqında əvvəllər eşitmişdim. Lakin bura gəldikdə bu incəsənət bayramının möhtəşəmliyinə heyran qaldım” - tanınmış ingiltərəli dirijor Jan Latam Koniq təəssüratını belə ifadə edib.
Qonaq Qəbələ festivalında iştirakı ilə ölkəmizi yaxından tanımaq üçün gözəl imkan əldə etdiyini, yerli musiqiçilərlə dostluq əlaqələri qurduğunu deyib. Bildirib ki, Londonda Azərbaycandan olan çoxlu dostlarım var. Bura gələndən ölkənizin təbiətinin və dağlarının ecazkarlığına heyran qaldım. Azərbaycan, bildiyimə görə, həm də özünəməxsus mətbəxi ilə məşhurdur. Ölkənizin ənənəvi klassik musiqisi vardır. Düşünürəm ki, Avropa və dünyanın digər dövlətlərində tanınan bəstəkarlarınızın əsərlərinə getdikcə daha böyük maraq yaranacaq.
Yerusəlim Simfonik Orkestri ilə xeyli vaxtdır ki, əməkdaşlıq etdiyini diqqətə çatdıran Jan Latam Koniq Qəbələ Beynəlxalq Musiqi Festivalının bir müddət sonra dünya musiqi arenasında əhəmiyyətli tədbirlərdən biri olacağına əminliyini bildirib.
“Şərq mədəniyyəti ilə bağlı olan hər şey məndə maraq doğurur”
“Beynəlxalq musiqi festivalının gözəl bir məkanda - dağlar, meşələr arasında, görkəmli ifaçıların iştirakı ilə keçirilməsi mənim üçün böyük tapıntıdır. Bu ecazkar diyarda Şərq mədəniyyəti ilə bağlı olan hər şey məndə maraq doğurur. Çoxdandır ki, Azərbaycana gəlmək arzusunda idim. Qəbələ festivalında iştirak mənə bu fürsəti verdi. Növbəti illərdə də böyük məmnuniyyətlə bu möhtəşəm festivala qatılmaq istərdim”. Bu isə məşhur italiyalı dirijor Mirko Roverellinin ürək sözləridir.
Festivalın yüksək səviyyədə təşkil olunduğunu bildirən dirijor bu mötəbər tədbirdə çıxışı üçün yaradılan şəraitə görə minnətdarlıq edib. O, “Yeni Rusiya” Dövlət Simfonik, Yerusəlim Simfonik orkestrlərinə dirijorluq etməsini özünün gələcək karyerası üçün mühüm addım kimi dəyərləndirib: “Auditoriyanın festival çərçivəsində keçirilən konsertlərə böyük marağı da məni heyran edir. Düşünürəm ki, tədricən bütün musiqi dünyasının diqqəti bu möhtəşəm sənət bayramına yönələcəkdir”.
“Maestro Niyazi ilə bir səhnədə çıxışımı hər zaman xatırlayıram”
“Bu uğurlu layihəni ərsəyə gətirənləri - V Qəbələ Beynəlxalq Musiqi Festivalının təşkilatçılarını təbrik edirəm”, - deyə Türkiyənin tanınmış pianoçusu İdil Biret bildirib.
Qəbələdə ilk dəfə olan ifaçı şəhərin gözəlliyindən, ecazkar təbiətindən heyranlıqla danışıb, festivalın konsert proqramlarının zənginliyini, musiqi əsərlərinin ahəngdarlığını xüsusi vurğulayıb.
Azərbaycanda bir neçə dəfə geniş konsert verdiyini diqqətə çatdıran tanınmış pianoçu vaxtilə maestro Niyazi ilə bir səhnəni bölüşdüyü üçün özünü xoşbəxt saydığını deyib: “Niyazi kimi dahi dirijorla bir səhnədə çıxış etmək mənim həyatımın ən uğurlu anlarından biri olub. Bu gün həmin anları bir daha xatırlayıram. Qəbələnin füsunkar təbiəti və tamaşaçıların alqışları məni çıxış etməyə daha da ruhlandırır. Festivalı ərsəyə gətirənlər bu möhtəşəm sənət bayramının rəngarəng keçməsi üçün əllərindən gələni əsirgəməyiblər”.
“Bu ecazkar məkanı beynəlxalq musiqi mərkəzinə çevirmək gözəl fikirdir”
Festivalın təşkilatçılığını yüksək qiymətləndirən rusiyalı skripkaçı Olqa Martınovanın fikrincə, musiqi bayramına tanınmış ifaçıların, o cümlədən orkestrlərin, pianoçuların, skripkaçıların dəvət olunması bu möhtəşəm incəsənət bayramının dünyada artan nüfuzundan xəbər verir. O, festivalın təşkilinə görə Heydər Əliyev Fonduna təşəkkürünü bildirib. Musiqiçi daha sonra deyib: “Meşələr, vadilər, yaşıl çəmənli dağlar, bir sözlə, burada hər addımda gözəllik, ecazkarlıq hökmrandır. Həyat yoldaşım Con Bernard Pommier ilə Azərbaycana gəlmişəm. Konsertdən əvvəl Qəbələnin mənzərəli yerlərini gəzdik. Belə bir məkanı beynəlxalq musiqi mərkəzinə çevirmək gözəl fikirdir və mən artıq uğurla reallaşmaqda olan bu ideyanı alqışlayıram. Bir daha festivalın təşkilatçılarını bu təşəbbüs münasibətilə təbrik edirəm. Düşünürəm ki, bu mötəbər incəsənət bayramı barədə hələ çox danışılacaqdır”.
“Festival hər kəsə əsl incəsənət bayramı yaşadır”
“Bu günlər Qəbələdə dünyanın məşhur musiqi xadimlərinin konsertləri böyük tamaşaçı auditoriyasına əsl incəsənət bayramı yaşadır” - bu sözləri Qazaxıstan İncəsənət Universitetinin rektoru, bu ölkənin Xalq artisti, Beynəlxalq Yaradıcılıq Akademiyasının akademiki, tanınmış skripkaçı Ayman Musaxacayeva deyib.
Festivalın əhəmiyyətini yüksək qiymətləndirən ifaçı füsunkar təbiətin əhatəsində təşkil olunan belə gözəl musiqi bayramının yerli və xarici qonaqlara unudulmaz anlar bəxş etdiyini bildirib.
Bakıda bir neçə dəfə konsert verdiyini vurğulayan Ayman Musaxacayeva deyib: “Bu dəfə Heydər Əliyev Beynəlxalq Aeroportunda yerə enəndə Bakını tanımadım. Qəbələyə gəldikdə isə belə kiçik məkanda tikilmiş beşulduzlu mehmanxanalar kompleksi, yaradılmış şərait, qonaqpərvər insanlar və yüksək xidmət məni valeh etdi”.
Qəbələ festivalı barədə “Euronews” telekanalında yayımlanan videoçarxlar vasitəsilə məlumatlı olduğunu diqqətə çatdıran qonaq möhtəşəm sənət bayramında iştirak etdiyi üçün çox şanslı olduğunu vurğulayıb.
“Təbiət qoynunda konsert vermək musiqiçiyə unudulmaz hisslər yaşadır”
“Qəbələ gözəl şəhərdir və təbiət qoynunda konsert vermək musiqiçiyə sözlə ifadəsi mümkün olmayan unudulmaz hisslər yaşadır”, - deyə Yerusəlim Simfonik Orkestrinin üzvü Aleksandr Faymon bildirib.
Festivalda iştirakından məmnunluğunu dilə gətirən qonaq proqrama uyğun olaraq orkestrin bir neçə konsertlə çıxış etdiyini, Avropa bəstəkarlarının əsərlərinin səsləndirildiyini deyib.
Musiqiçi təəssüratını belə ifadə edib: “Azərbaycan inkişaf edən ölkədir. Ölkənizdə belə füsunkar məkanın olduğunu bilmirdim. Mən 14 il əvvəl Azərbaycanda olmuşdum. Qəbələyə isə ilk gəlişimdir. Təklif olarsa, yenə də böyük məmnuniyyətlə ölkənizə gəlmək istəyərəm. Buranın insanları çox səmimi və qonaqpərvərdirlər. Festivalda sizin musiqiçilərlə tanış oldum, yeni dostlar qazandım. Bu möhtəşəm sənət bayramının təşkilatçılığı yüksək səviyyədədir. Bizə daim böyük qayğı göstərirlər. Hesab edirəm ki, tamaşaçılar ifamızdan razı qaldılar. Bu, çox vacibdir. Belə gözəl təbiətin qoynunda təşkil edilən möhtəşəm festivala görə Heydər Əliyev Fonduna təşəkkür etmək lazımdır”.
* * *
Qeyd edək ki, Azərbaycanın milli musiqi mədəniyyəti tarixində yeni bir ənənənin təməli sayılan V Qəbələ Beynəlxalq Musiqi Festivalı avqustun 6-dək davam edəcək. Mədəniyyət və Turizm Nazirliyi festivala təşkilati dəstək verir.