Bəstəkar, xor dirijoru, aktyor, müğənni, tarzən, bir sözlə, mədəniyyət və incəsənət fədaisi Şahid Qədir oğlu Əbdülkərimov 1938-ci il oktyabrın 30-da Şəki şəhərində anadan olmuşdur. Musiqiyə həvəsi onu 1948-ci ildə şəhər Pionerlər evində tar müəllimi işləyən ustad sənətkar İbad Salmanovun yanına gətirir. İbad müəllim 4 il tarın ecazkar sirlərini ona öyrədir. Şahid təhsil aldığı 11 nömrəli məktəbdə bədii özfəaliyyət kollektivinin ən fəal üzvlərindən biri olur.
1956-cı ildə respublikanın Əməkdar artisti Məmmədkəbir Hacıoğlu Şahidi rayon Mədəniyyət evində fəaliyyət göstərən dram dərnəyinə qəbul edir. Beləliklə, Şahid bir çox tamaşalarda əsas rollarda çıxış edir.
1957-ci ildə şəhər 12 nömrəli məktəbi bitirdikdən sonra Bakı Mədəni-Maarif Texnikumuna daxil olur. Xor dirijorluğu şöbəsində təhsil aldığı illərdə müəllimi, Ümumdünya tələbə və gənclər festivalının (Moskva, 1957) laureatı Qulu Əsgərov Şahidin musiqi qabiliyyətinə yüksək qiymət vermiş, ona qayğı göstərmişdir.
1960-cı ildə Şahid təhsilini başa vurub təyinatla Zaqatala rayonuna gəlmiş, rayon Mədəniyyət evində bədii rəhbər kimi əmək fəaliyyətinə başlamışdır. 1961-ci ildə Xırdalan qəsəbəsindəki 1 nömrəli məktəbdə musiqi müəllimi kimi əmək fəaliyyətini davam etdirmişdir. Həmin il M.A.Əliyev adına Dövlət Teatr İnstitutunun mədəni-maarif fakültəsinin axşam şöbəsinə qəbul olunur.
1963-cü ildə Abşeron rayonu təşkil olunur və Şahid Əbdülkərimov Xırdalan qəsəbə Pionerlər evinin direktoru təyin olunur.
O, tələbəlik illərində bir çox görkəmli müəllimlərdən dərs almışdır. Onların arasında görkəmli bəstəkarımız Şəfiqə Axundovanın Şahidin bəstəkar kimi yetişməsində xüsusi əməyi olmuşdur. 1966-cı ildə Şahid ali təhsilini başa vurmuşdur.
Onun 100-dən çox mahnısı vardır. Radio və Televiziyada ilk səslənən əsəri “Hanı bəs vəfan sənin” mahnısıdır. Ümumittifaq səsyazma fondunda vala yazılan bu mahnının ilk ifaçısı Xalq artisti İslam Rzayev olmuşdur.
Sonralar Azərbaycan Televiziyası uşaq xorunun bədii rəhbəri Nizami Hacıyevin rəhbərlik etdiyi “Qırmızı qərənfil” ansamblının ifasında Şahid Əbdülkərimovun “Naxçıvanım”, “Ana torpağım mənim”, “Bakı”, “Təzə il”, “May”, “Xoş gəldin” mahnıları lentə alınmışdır. Nazim Hacıyev deyərdi ki, Şahidin mahnılarını uşaqlar tez qavrayırlar. Çünki mahnı onlara doğma, musiqisi axıcı, ürəyə yatımlıdır, xalq ruhludur.
O həmçinin “Ana məhəbbəti”, “Sevgilimə könül açdım”, “Təki sən səslə məni”, “Biləydin kaş”, “Gözəlim”, “Sarı sim”, “Nişan üzüyü”, “Yurdumun qoynunda”, “Heç küsməyin yeridirmi?”, “Sevincim”, “Azərbaycan”, “Günüm keçməsin sənsiz”, “Dayağım ol”, “Niyə belə oldu”, “Gecələr” və s. mahnıları bəstələmişdir.
Mahnılarını xalq artistləri İslam Rzayev, Arif Babayev, Ağaxan Abdullayev, Canəli Əkbərov, Səkinə İsmayılova, əməkdar artistlər Nəzakət Məmmədova, Rövşən Behcət, Kifayət Gəncəli və başqaları ifa etmişlər.
Bolqarıstanın Razqrad rayonu ilə Abşeron rayonu qardaşlaşdığı üçün Şahid “Abşeron-Razqrad” mahnısını yazmış və dəfələrlə Pionerlər evinin xor kollektivi ilə birlikdə Bolqarıstanda konsertlər vermişdir.
1974-cü ildə Bakı rayonlararası xalq yaradıcılığı evi “Sən nəğmələr qoş” devizi altında həvəskar bəstəkarların mahnı müsabiqəsini təşkil etmişdir. Müsabiqədə Şahid Əbdülkərimov I, Bəhram Nəsibov II, Qafar Namazəliyev III yerə layiq görülmüşdür.
1974-cü ildə Azərbaycan SSR Elmlər Akademiyasının prezidenti Həsən Abdullayev Şəki şəhərindən respublika Ali Sovetinə deputat seçilmişdi. Onun təşəbbüsü ilə Bakıda - Azərbaycan Televiziyasında və akademiyanın akt zalında Şəkinin bədii özfəaliyyət kollektivlərinin konsertləri təşkil olunmuşdu. Konsertdə rayonumuzun məşhur “Zorxana” rəqs ansamblı, Ələfsər Rəhimovun rəhbərlik etdiyi zurnaçılar qrupu, “Səbuhi” xalq çalğı alətləri ansamblı və müğənnilər iştirak edirdilər. Şahid ilk dəfə olaraq konsertdə “Ana məhəbbəti” və “Təki sən səslə məni” mahnılarını özü ifa etmişdir. O, Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Əliağa Kürçaylı, Cabir Novruz, Arif Abdullazadə, Ramiz Məmmədzadə və başqa tanınmış şairlərin sözlərinə musiqi bəstələyib. İstedadlı sənətkar gözəl lirik səsə malik müğənni olduğundan mahnılarının ilk ifaçısı özü olmuşdur.
1976-cı ildə o, Şəkiyə dəvət edilərək tibb işçiləri mədəniyyət evinin direktoru təyin olunmuşdur. Burada “Şəfa” mahnı və rəqs ansamblını təşkil etmişdi.
Şahid dəfələrlə şəhər Mədəniyyət evinin “Səbuhi” xalq çalğı alətləri ansamblı ilə Moskvada SSRİ Xalq Təsərrüfatının Nailiyyətləri sərgisində, Gürcüstanın azərbaycanlılar yaşayan rayonlarında, həmçinin respublikamızın bölgələrində qastrol səfərlərində olmuşdur.
Sənətkar 2003-cü ilin iyul ayının 17-də vəfat etmişdir.
2013-cü ilin oktyabr ayında Şəki və Xırdalan şəhərlərində bəstəkar Şahid Əbdülkərimovun anadan olmasının 75 illiyi qeyd olunacaq. Xalqımızın yaşayıb-yaradan oğlu, unudulmaz ziyalımız, bəstəkar Şahid Əbdülkərimova Allahdan rəhmət diləyirik.
Vaqif Kərimov,
M.F.Axundzadə adına Şəki şəhər Mədəniyyət Mərkəzinin direktoru