Təbiətdəkilər bağ-bağatlı, allı-güllü aləmlərçün oxuyur, o isə küll-aləmçün!..
   
   Onunla bağlı “kölgədə” qalmış həqiqi adlar: Murtuza, Məşədi Rza, Məmmədov. Bunlar çox az adama bəllidir. Daşına-daşına sükuti “fonoteka” dəryasına qərq olmuş, hazırda yaşanan və sonsuzluğadək daşınası milyonlarla ad-soyadlardandır bu “isim”lər. Lakin... Bülbül! Xalqımızın öz çağlar sənət dəryasından seçib-sonalayıb ad elədiyi bəşərsəda mübtəda, tərif-təltifli, sevgili-öygülü bir isim! Bütöv bir obraz. Başdan-başa milli, zilli-bəmli ecazkar Səs, sirli-sehrli nəfəs, cəmiyyətin verdiyi bu addan dolayı - küll-təbiəti “qəfəs” obrazı...
   
   Xalqın artisti
   
   Bülbülün professor, musiqi folkloru tədqiqatçısı, professional vokal məktəbimizin banisi olması faktları öz yerində. Ancaq ifaçılıq taktları da ayrıca bir institutdur. Onun oxuyacağı hər hansı bir mahnının, təsnifin, ariyanın ilk sözünə qədərki sədaları bitkin bir elmi-populyar “giriş”dir. Hər biri beş-üç dəqiqə çəkən bu şifahi əsərlərin ilk misrasına verdiyi xarakter “məqsədli aspirantura”dır. O əsərlərin son sətir-bəndlərində çilədiyi vüsali zəngulələr müdafiəyə ehtiyacı olmayan “dissertasiya”lardır.
   Bu məqamda iri bir haşiyə (qeyd edim ki, bunu indiyədək Bülbül haqda qələmə aldığım dörd-beş yazının ikisində vermişəm):
   ...Bir kərə Bülbül haqda bir televiziya verilişinə hər “növ” intellekt, səviyyə zümrələrilə birgə baxırdım. Bu böyük mərasim sahibinin özü də böyük adam idi, qonaqlıq təşkil etdiyi otağı, televizor cihazı da.
   Həmin o böyük, geniş otaq-salonda böyüklərin bir qulağı və bir gözü ekranda olsa da, öz aləmlərində idilər. Balaca bir qızcığazsa döşəmədən tapdığı və üfürə-üfürə başı üzərində qovduğu zərif, pırpız bir tükcüyün dalınca qaçmaqda idi. O böyük həcmli ekranda arxasındakı dekor-qalanın bir parçası kimi görsənən azman sənətkar isə “Səndən ayrı” ariyasındakı hicr dolu zəngulələrlə qoç Koroğlunu xas aşiqlik oduna yandırır, “Ah, Nigarım!..” - deyə dad döyürdü. Ariyanın ən yuxa bir məqamında dörd-beş yaşlı o qızcığaz öz məşğuliyyət “qov”unu qovmaqda ola-ola, məclisin aşağı başında oturmuş anasını çox ucadan səsləyərək: “Ana, ana, o kişi ölür, qoymuyun onu ölməyə, yazıxdı!” dedi.
   Bu təmiz uşaq səsi, uşaq sözü o məclisi diriltdi. Buradakı bütün yar-yoldaşlar, qohum-qardaşlar həm də vətəndaş oldular. Gözlənilmədən təbii, xəlqi bir konfrans, milli bir məclis alındı. “Kələm qonaqlığı”ndan kəlam mərasiminə çevrilən o yığıncağı “giriş sözü” ilə elə o qızcığazın atası açdı. Dedi ki, Bülbülün səsi eşq adlı əbədi müəmmanı Füzulinin sözü, Üzeyir bəyin musiqisi qədər aça bilir. Belə məclislər üçün hələ naşı olan bir tələbə qız çəkingən tərzdə buyurdu ki, Bülbülün səsində bütün ataların - yəni kişilərin bütün analara - yəni qadınlara nisbətdə amiranəlik, mənəm-mənəmlik iddialılığını kompensasiya etmək cövhəri var. O gözəl tələbə qızla üzbəüz oturmuş “hələ” gənc və yaraşıqlı professor dərhal əlavə etdi: “Demək istəyirsiz ki, Bülbülün səsi məhəbbət haqda deyilməmiş, yazılmamış bütün fikirləri ifadə edir, hə?”. Gənc professorun obyektə tərifdən çox, qarşısındakı subyektə komplimentə bənzəyən bu sözlərinin fonunda veriliş aparıcısı Bülbülün həm də fenomenal professor şöhrətindən, SSRİ Xalq artisti, SSRİ Dövlət mükafatı laureatı olmasından, 2 dəfə Lenin, 2 dəfə “Qırmızı Əmək Bayrağı”, “Şərəf nişanı”, təhsil aldığı İtaliyanın “Haribaldi” ordenləriylə təltif edilməsindən danışırdı. Bu uzun titul sadalamasından canı darıxan ağsaqqal bir sürücü başını başlara qoşub: “Ay zalım oğlu, bu mükafatlar mənim onun səsinə vurğunluğumun yanında nəmənə şeydi, kişinin məcunlarından birini də verin, dinləyib dirilək də!” - dedi. Bu kələ-kötür “çıxış”dan sonra “Nuhun gəmisi”ndəkinə timsal “xalq” susdu. Hamı yaxşı tanıdığı, düzəltdiyi əşyalara nəfəsdən başqa hər şey verən Dəmirçi Aydına baxdı. Dəmirçi çəkic-zindan sədalı səsiylə bir nəqəratlıq nitq elədi: “Bülbüldən zövq almaq üçün gərək onu dinləyərkən bir sən olasan, bir də özün...”
   O “beynəlzümrə” yığıncaqda mən də bir-iki kəlmə dedim, amma deyəsən elə ən diqqətcil dinləyicim də elə özüm oldum. Ərz etdim ki, Bülbül oxuduğu məqamlarda həm ifaçı olub, həm dinləyici, tamaşaçı, tənqidçi, təlimçi, münsif və sair. O, ifa etdiyi mahnı, təsnif mətnlərindəki zəif söz, misra və bəndlərə ecazkar səsi ilə elə şəkər qatır ki, heç kəs daha o fikrin mənasına varmır. Söz, fikir güclü olanda isə səsindəki emosiyanı yığışdırıb bir kənara çəkilir, bütün diqqətləri deklamasiya etdiyi sözün üstünə yönəldir. Məsələn, “Bir gün evlərinin lap qabağından, Titrəyib keçdiyim yadıma düşdüüü, aman, aman, aay amaaan...”
   Mən o məclisdə bu ifanı, pisdən-yaxşıdan, təqlidi-zümzümə də etdim. Bu yazıda isə (heyf ki, yazıda oxumaq olmur)...
   Sonu arzu-umu ilə bitən daha bir -
   
   Qısa xatirə-reportaj
   
   1981-ci il. Azərbaycan radiosunda növbəti “letuçka”. Dövrün məşhur bir qadın müğənnisinin ötən həftə televiziya və radioda getmiş “müsibət” konserti haqda qızğın, bəziləri tərəfindən isə bir qədər məhrəmanə müzakirə gedir, münasibət bildirilir, mübahisələr qalxır. Söz-söhbətin “məhrəmanəlik” məqamında, qələminin arxası da, qabağı da yazan redaktorlardan biri qalxıb deyir ki, bu böyük sənətkar xanım haqda mahnı yazılmasının vaxtı deyilmi? Yerlərdən “yetərsay”lı səslər: “Əlbəttə!”, “Hətta gecikmişik”, “Bu boyda sənətkar...” və s. Elə bu zaman “Xəbərlər” baş redaksiyasının baş redaktoru Valid Sənani ayağa qalxır və deyir: “Ay yoldaşlar, nə vaxt o boyda Bülbül haqda mahnı yazılarsa, ondan sonra bu boyda xanım haqda da yazıb-yazdırarsız...”
   Doğru deyilmi, əziz və hörmətli bəstəkarlarımız? Rəssamlar, heykəltəraşlar bir-birinin portretini, heykəlini, ədiblər, aktyorlar bir-birinin surətini yaradırlarsa, niyə bəstəkarlar, müğənnilər bu normal təqdimati-həmkarlıqda sussunlar?
   Sözüm Bülbül adına, Bülbül ladına layiq bəstəkarlaradır və...
   ...Bir biləydim sizlərin sözü nədir buna, bu böyük sələfin layiqli xələfləri? “A teşti, teşti, teşti”silə nəinki Gilanı, bütün dünyanı keçmiş, “Qarə tellər” sədası ilə “yar könlüylə” birgə bütün xalqın qəlbini qarət etmiş, səhnəmizdə iyirmi ildən çox böyük mədəniyyət Koroğluluğuyla nərələmiş böyük, canlı simfoniyaya balaca bir mahnı arzu-xitabına...
   
   Tahir Abbaslı