Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijoru, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyevin rəhbərliyi ilə Vasili Safonov adına Rusiya Akademik Filarmonik Orkestrinin silsilə konsertləri keçirilib. İyunun 12-dən 17-dək Rusiyanın möhtəşəm Şalyapin və Skryabin adına salonlarında keçirilən konsertlərdə orkestr Əyyub Quliyevin dirijorluğu altında dinləyicilərə P.Çaykovski, F.Şubert, C.Rossini və F.Divyenin musiqi dünyasını təqdim edib. Tamaşaçılar orkestri və azərbaycanlı dirijoru sürəkli “Bravo” sədaları ilə alqışlayıblar.
   Konsertlərlə bərabər, Əyyub Quliyev Safonov adına Federal Akademik Opera və Balet Teatrında dahi Avstriya bəstəkarı V.A.Mosartın “Fiqaronun toyu” operasına dirijorluq edib. Rəngarəng, həyatsevər və sevgi dolu musiqi bayramına çevrilən tamaşada Rusiyanın tanınmış müğənniləri - beynəlxalq müsabiqələrin laureatları Sergey Maydanov, Yelena Filimonova, Anna Quzairova, Aleksandr Kondakov, Yuliya Kolevatova, Viktor Juravlev və Natalya Qovorskaya iştirak ediblər.
   Əyyub Quliyev filarmoniyanın rəhbərliyi tərəfindən iyulun 6-dan 30-dək keçiriləcək Raxmaninov musiqi festivalının açılışında dirijorluq etmək üçün yenidən Rusiyaya dəvət olunub.