Bəstəkar Rüfət Xəlilov 27 -30 avqust tarixində Bolqarıstanın paytaxtı Sofiya şəhərində keçiriləcək Beynəlxalq Müasir Musiqi festivalında (Temp’opa Internation Meeting-2013) iştirak üçün dəvət alıb.
   
   Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə tədbirdə iştirak edəcək bəstəkar bildirdi ki, hər il keçirilən akademik musiqi tədbirinə müxtəlif ölkələrdən bəstəkarlar və ifaçılar qatılır. Onlar öz yaradıcılıqları, müasir musiqi problemləri haqda müzakirələr aparır və festivalın son günü Sofiya Musiqi Akademiyasının konsert salonunda iştirakçıların əsərlərindən ibarət geniş konsert proqramı ilə çıxış edirlər.
   Avropanın bir çox ölkələrinin, Amerika və Yaponiyanın qatıldığı festivalda Rüfət Xəlilov Azərbaycan musiqisinin banisi Üzeyir bəy Hacıbəyli və Hacıbəylilər nəslinin sonuncu nümayəndəsi İsmayıl Hacıbəyov haqqında məruzə ilə çıxış edəcək. Festivalda həmçinin musiqi tariximizi əks etdirən ingilis dilində sənədli film nümayiş olunacaq. Eyni zamanda festival çərçivəsində İsmayıl Hacıbəyovun “Cəngi “ simfonik rapsodiyası dinləniləcək. Avqustun 30-da isə Rüfət Xəlilov fortepiano üçün yazdığı “Sonatina” əsərini ifa edəcək.
   Rüfət Xəlilov Bakı Musiqi Akademiyasını bitirib. Əməkdar incəsənət xadimi İsmayıl Hacıbəyovun sinfində təhsil alıb. Alman Akademik Mübadilə Mərkəzinin təqaüdçüsü olub, bu ölkədə təhsilini davam etdirib. Bir çox instrumental, kamera-instrumental və simfonik əsərlərin müəllifidir. 2009-cu ildə Azərbaycan Bəstəkarlar İttifaqının 75 illiyinə yazılmış simfonik rapsodiyası mükafata layiq görülüb.
   
   Lalə Azəri