Noyabrın 19-da Heydər Əliyev Sarayında Rusiya Federasiyasının Əməkdar artisti Valeri Meladzenin konserti olacaq. “İyirmi məhəbbət hekayəsi” adlı yeni konsertin proqramına müğənninin ən populyar mahnıları və yeni kompozisiyaları daxildir.
Artıq iyirmi ilə yaxındır ki, səhnədə olan Valeri Meladzeni “Rusiya estradasının sonuncu romantiki” adlandırırlar. İfaçı öz üslubu, tərzi olan, dəbli qlamurun arxasınca qaçmayan az sayda sənətçilərdəndir. Onun ifa etdiyi bütün mahnıların müəllifi qardaşı - prodüser, bəstəkar və müğənni Konstantin Meladzedir. İncə zövqü, musiqi duyumu, mükəmməl musiqi təhsili olan iki qardaşın yaratdıqları bütün mahnılar hitə çevrilib.
Ümumilikdə, yeddi uğurlu albom, iyirmidən artıq klip, Rusiyada və xarici ölkələrdə keçirdiyi çoxsaylı konsert Valeri Meladzenin yaradıcılığına olan tamaşaçı sevgisinin miqyası haqqında təsəvvür yaratmağa imkan verir.