Səsi də, avazı da, oturuş-duruşu, yar-yaraşığı da...
Ötən illər, keçən dəfələr bu xan sənətkarın ad günlərində muğamlarımız qədər gen-bolluqla yazmışam. Bu gün, bu dəfə isə bir mahnı qədər ola, ya olmaya...
Kino-lentlərdə üzünü görürsən - qırımından sənət rəngli, zinət görklü qan damır bu “zalım” xanın! Avazından “aman-aman!” fəryadlanır, “ey dad-ey dad” dadlanır...
Şuşalıların hər iki-üçündən biri kimi doğulmuşdu. Hələ o çağlaracan eşidilməmiş bir Səslə doğulmuşdu bu çağa. Deyirlər, anası qonum-qonşuya danışarmış ki, bu uşağın ağlamağı oxumağa oxşayır; mən ona layla demək əvəzinə, o məni yuxuladır...
Bir azdan bu uşaq həmin o qonum-qonşuları, sonra Şuşanı, daha sonra küll-Qarabağı, Azərbaycanı, İranı-Turanı oyadacaqdı öz ifalarıyla. Yeri gəlmişkən, Azərbaycanın ifaçılıq sənəti aləmində barmaqla sayılacaq qədər xanəndə və müğənnilər var ki, onlara sadəcə “ifaçı” deməyə adamın dili gəlmir. Yəni bu ifadə çox solğun, hətta “icraçı”, “missiyaçı”, üzünüköçürənçi kimi assosiasiya olunur. Diktorlar hiss-həyəcansız bir tonda deyəndə ki: “Heyratı”, ifa edir Xan Şuşinski” - adamın kəkliyi azır. Əvvəla, onsuz da adı transformasiyaya uğramış bu muğam (Herat şəhərilə bağlı) heç olmasa “Heyrəti” kimi təqdim edilsəydi, bunun qaynar, çılğın notları ilə daha mütənasib səsləşərdi. İkincisi, bəyəm Xan onu sadəcə ifa edir? Xeyr, Xan bütün oxumalarında yanır!..
Ancaq... diktatorlar da neyləsin ki, bunun “ifa edir”dən başqa ifadə (təqdim) formatı yoxdur.
Amma bəs Xan kimilər neyləsinlər ki, oxuyarkən yanıb-yaxılma prosesini ehtiva etdirdikləri halda, “ifa” etdirilirlər? Bəs (bir mahnısında dediyi kimi) “neyləməli?” Heç nə, təqdimatçılar dildə “ifa edir...” deyirkən, biz onu ürəyimizdə belə əks-sədalamalı: “Cəh-cəh edir: Bülbül”, “Bəh-bəh edir: Seyid”, “Car çəkir: Cabbar”, “Alovlanır: Rəşid”, “Qan-qan edir: Xan”!..
Və bütün bunların əsasını təşkil edən bir xəyali-mənəvi varlıq -
Sənətkarlıq!
Haydı, başla görək, Xan! Şahların, padşahların nəfəsini içinə çəkdirən Xaqan! “Mirzə Hüseyn segahı”ndan başla. Bir saat-para saat ərzində min illərin ictimai hüznü, sənət ahı, qeylü-qal hicri, qaymaqlı-ballı vüsalı, ilahi və insani sevgi-məhəbbəti haqda ərz et!..
“Dəraməd” şöbəsində niyə belə duruxursan? Bəlkə bu məqamda Füzuli babanın “Ey mələksima, səndən özgə hamı heyrandır sana, Həqq bilir, “insan” söyləməz - hər kəs ki insandır - sana” beytinin dinləyiciyə çatıb-çatmaması istixarəsindəsən? Yox, narahat olmadan işində ol; söz hamı üçün deyil, - hamı söz üçündür...
Sənət suyuna susamışıq, bizi bir sərçeşməyə rast elə. “Rast”ı xırdala. Belə ki, təblərlə zəngin bu muğamın bütün məqamlarını almağa huş-guş paramız çatsın. “Üşşaq”dan “əraq”a keçərkən bir an nəfəs dər, ustad! Yoxsa, sənət şərabından dəmlənib, “Yəni kim, bir dəm bəladən etmə cüda məni” dənizinə qərq oluban batarıq...
Bir şahənşah sənət nazına qol qoy - “Şahnaz”ı nazla. Elə qəmzeyi-avazla ki, “Əql tədbiridir ol, sanma ki, bir bünyadı var” həqiqəti “qəmzən kimi ustadı var” elanının yanında “yalan” olsun. Necə ki, “Gər dersə ki Füzuli gözəllərdə vəfa var” sözü “yalandır”. Sonra da - bəlkə elə bu sözlərin qüdrətindən şəlalələnən səsinin lam axarında “istedad”ın sevgi “yaradıcılığı”na da dəxli olması möcüzəsini ahəstəcə-ahəstəcə bəyan et: “Məndə Məcnundan füzun aşiqlik istedadı var”...
Bir az da “Bayatı-Şiraz”dan “mayə”lə. Comərd təbli, dörd gahlı “Çahargah”a keç, səs-sədası seyrəngah Kişi! İmam övladı Seyid Əzimin bəzmi-rəmzi ilə xitab et: “Siz ki, huşyar idiniz, ol məhi-tuba kim idi?”
“Mahur”a adda. Astaca-astaca, ustaca-ustaca kəlami-ənam bərəkətləri üyüt: “Xaqani nədir, gəlsənə, ey gözləri şəhla, Xəlqaniyə xaqan sən olarsan”.
“Qarabağ şikəstəsi”... Nadir şah Əfşarın zülmündən didərgin düşmüş qarabağlıların geri dönərkən Araz üstündən yurd-yuvalarını gördükləri anda bədahətən hayqırdıqları bu şikəstəni o vaxtlar elə oxudun ki, Moskvanı “Böyük Teatr” timsalında ayağa durdurdun (bu vaxtlar isə Qarabağ şikəstliyinə bir əncam üçün onlara çatası bir səs-səda yox...).
Hə, bütün bunlara baxmayaraq “Şur”lamaq da olar - bütün ağrı-acılarımızı bu bəşəri ovqatın mayesinə dəfn edərək. Belə ki, sözsüz, Qarabağ arzularımızı da “bəlkə bir gün oyandırdı muğam”...
Saysız xatirələrdən bir-ikisi
Xan əmi ilə bağlı xatirələr içərisində elələri də var ki, mətbu dilə əl vermir. Tək elə ədəbi əndazələr, ədəb qaydaları baxımından yox, həm də bu fundamental-tökmə obrazın klassik qırım-durumundan dolayı...
...Filarmoniya. Onun 70 illik yubileyi. Bir qələbəlik, bir vur-çatlasın ki, gəl görəsən! Sonda o özü də oxumağa dəvət edilir. Sağında Şövkət xanım, solunda Sara xatun. Bu yaşda “Qarabağ şikəstəsi”ni elə ciknələyir ki, Yaqub Məmmədov və ustada sayğı əlaməti olaraq salonun oturacaqsız hissəsində ayaqüstə dayanıb tamaşa edən Arif Babayev, Sabir Mirzəyev, Süleyman Abdullayev başlarını o yan-bu yana yelləyə-yelləyə buradakı ləzzət aurasını, alqış tufanını daha da gücləndirirlər...
...Günlərin bir günü dövrün qırmızı təbliğatından doymuş Xan əmiyə deyirlər ki, bu gün qəzetdə sənin haqqında yazı çap olunub. O, yolüstü bir qəzet köşkünə yaxınlaşır: “A qızım, maa bir “Gənc işçi” ver”. Xanım gülümsünür və çoxdan bəri adı dəyişmiş “Azərbaycan gəncləri” qəzetindən bir nüsxə götürüb, hörmət-izzətlə: “Buyurun, Xan əmi” - deyir...
...Bir gün də yan-yörəsində çalışan bir qadın toylarda tək elə səs-sədası ilə yox, həm də şəxsi keyfiyyətləri, qartal ədalarıyla da obrazlaşmış bu Kişiyə öz həmkəndli rəfiqəsindən başıbağlı bir məktub çatdırır. Ahıl-“ağbirçək” imzalı bu “şanlı məktub”la tanış olan Xan əmi hər iki rəfiqənin əvəzinə də xəcalət çəkib, utana-qızara deyir ki, bu kağız-kuğuzu aparıb o arvadın özünə qaytararsan. Yox, əgər dirənib sənə üz vursa, gətirib verərsən qardaşım Allahyara...”
Və deyirlər, Bakı kəndlərindən birində can üstə olan bir qoca nəvələrindən birinə deyir haçan ki gördün vəziyyətim yenə xərəbləşir, Xanın valındakı həmin yeri səsləndir. Nəvə soruşur ki, ay baba, bu kişi elə hey “ölürəm-ölürəm” deyir, axı! Qorxuram, birdən sən də... Baba bir kişmişi gülüb, nəvəsinin başına sığal çəkir: “Yox, qadam... Bu kişi “ölürəm-ölürəm” dedikcə, mən dirilirəm”...
Tahir Əhmədalılar