Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə Almaniyada ustad dərsləri keçib. Bəstəkarlar İttifaqının mətbuat xidmətindən verilən məlumata görə, ABŞ, İngiltərə, Çexiya, Polşa, İsrail və s. ölkələrdən olan gənc bəstəkarlar Firəngiz Əlizadənin ustad dərslərində iştirak etmək üçün Berlinə gəliblər.
Ənənəvi təşkil olunan ustad dərsləri musiqinin müxtəlif sahələrini əhatə edib. Dərslər çərçivəsində musiqisi Firəngiz Əlizadəyə məxsus, Amerika istehsalı olan dördseriyalı “Müharibə” bədii-sənədli filmindən istifadə olunub. Mütəxəssislərin rəyinə görə, bu filmdə Firəngiz xanımın musiqisi filmin süjet xətti ilə dramatik harmoniya yaradıb.
Yay ərzində bəstəkar ustad dərsləri ilə kifayətlənməyib. Tanınmış musiqiçi Coul Saksın rəhbərlik etdiyi “Continum” orkestri Braziliyanın müxtəlif şəhərlərində verdiyi konsertlərdə Firəngiz xanımın əsərlərindən istifadə edib və qarşılıqlı əməkdaşlıq növbəti illərdə də davam edəcək.