Özbəkistan Prezidenti İslam Kərimovun təşəbbüsü və UNESCO-nun dəstəyi ilə 1997-ci ildən qədim tarixə malik Səmərqənd şəhərində “Şərq təranələri” beynəlxalq musiqi festivalı keçirilir. İki ildən bir təşkil olunan festival dünyada geniş maraq doğurur. Bu il 9-cu dəfə gerçəkləşən musiqi bayramında 50-dən çox ölkənin kollektivləri, mədəniyyət xadimləri qatılıb.
   
   Sevindirici haldır ki, indiyədək keçirilmiş festivalların hamısında iştirak edən Azərbaycan musiqiçiləri böyük uğurlara imza atıb. İlk festivalda Xalq artisti Simarə İmanova “Qran-pri” mükafatını qazanıb. 2001-ci ildə Xalq artisti Alim Qasımov birinci yerə layiq görülüb. 2003-cü ildə isə Əməkdar artist Zabit Nəbizadə ikinci yerin mükafatçısı olub. 2005-ci ildə müğənni Aygün Bəylər festivalda birincilik əldə edib. Qalibiyyət ənənəsini 2009-cu ildə xanəndə Qoçaq Əsgərov davam etdirib.
   25-30 avqust tarixində keçirilən IX “Şərq təranələri” festivalında Azərbaycanı tanınmış müğənni, muğam ustası Elnarə Abdullayeva "Şirvan" qrupu ilə təmsil edir. Nümayəndə heyətinin tərkibinə həmçinin Milli Məclisin deputatı, Azərbaycan-Özbəkistan parlament dostluq qrupunun üzvü Etibar Hüseynov, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Lalə Əliyeva, Bakı Musiqi Akademiyasının professoru, Əməkdar incəsənət xadimi Zümrüd Dadaşzadə, Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət siyasəti şöbəsinin əməkdaşı Rəşad Əliyev daxildir.
   Ölkəmizin Daşkənddəki səfirliyi nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə, Elnarə Abdullayeva avqustun 25-də, festivalın ilk günündə çıxış edib və onun ifası alqışlarla qarşılanıb. Həmin gün Ukrayna, Belarus, Çexiya, Fransa, Banqladeş, Malayziya və Burkina-Faso təmsilçiləri də çıxış ediblər.
   Festivalın rəsmi açılış mərasimi avqustun 27-də keçirilib. Mərasimdə UNESCO-nun baş direktoru İrina Bokova iştirak edib. Baş direktorun Özbəkistan Prezidenti İslam Kərimovla görüşündə qurumla birgə həyata keçirilən layihələrdən söz açılıb. Vurğulanıb ki, son illər UNESCO-nun himayəsi altında tanınmış şəxsiyyətlər Əmir Teymur, Mirzə Uluqbəy, Əhməd əl-Fərqani, İmam əl-Buxari, Kəmaləddin Behzad, həmçinin qədim şəhərlər - Səmərqənd, Buxara, Xivə, Şəxrisabz, Mərqilan, o cümlədən ədəbi abidələr olan “Alpamış” və “Avesta”nın, Xarəzmdəki “Məmuna” Akademiyasının yubileyləri yüksək səviyyədə qeyd olunub. Qeyd edək ki, Özbəkistanın Səmərqənd, Buxara, Xivə və Şəxrisabz şəhərlərinin maddi mədəniyyət abidələri UNESCO-nun mədəni irs siyahısına daxil edilib. 2001-ci ildə qədim Buxara “Dünya şəhəri” adını alıb.