Xəbər verdiyimiz kimi, Özbəkistanın Səmərqənd şəhərində Prezident İslam Kərimovun təşəbbüsü, UNESCO-nun dəstəyi ilə “Şərq təranələri” IX Beynəlxalq Musiqi Festivalı keçirilir. Avqustun 27-də Səmərqəndin məşhur Registan meydanında festivalın rəsmi açılış mərasimi olub.
   
   Mötəbər musiqi bayramında dünyanın 52 ölkəsindən ifaçılar, musiqiçilər, muğam biliciləri və musiqi nəzəriyyəçiləri iştirak edirlər. Festivalda Azərbaycanı tanınmış xanəndə Elnarə Abdullayevanın rəhbərliyi ilə “Şirvan” muğam qrupu təmsil edir.
   Açılış mərasimində Prezident İslam Kərimov, UNESCO-nun baş direktoru İrina Bokova, Beynəlxalq Mədəniyyət və İncəsənət Assosiasiyasının baş katibi Kuo Li Min, Beynəlxalq Folklor Yaradıcılığı Təşkilatının baş katibi Mun Xyunq Suku, Asiya Beynəlxalq İncəsənət Festivalları Assosiasiyasının sədri Çen Şenqlayu, Koreya Respublikası Prezidentinin mədəniyyət məsələləri üzrə müşaviri Hyunq Van Li, Əfqanıstanın informasiya və mədəniyyət naziri Səid Maxdun Raxin, xarici ölkələrin diplomatları, mədəniyyət, incəsənət sahəsinin tanınmış şəxsləri qatılıb.
   Açılış mərasimində Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov da iştirak edib.
   Azərbaycan nümayəndə heyətinin tərkibinə millət vəkili Etibar Hüseynov, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Lalə Hüseynova, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Əməkdar incəsənət xadimi Zümrüd Dadaşzadə, Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Rəşad Əliyev daxildir.
   Açılış mərasimində Özbəkistan Prezidenti İslam Kərimov iştirakçıları təbrik edərək bildirib ki, qədim Səmərqənd yüzilliklər ərzində dünya mədəniyyətinin və sivilizasiyasının mərkəzi, Şərqin əfsanəvi simvolu olub. Təkrarsız abidələri, böyük potensialı, gözəl təbiəti ilə insanı heyran edən bu qədim şəhər ən nüfuzlu beynəlxalq forumlara ev sahibliyi etməyə layiqdir. Prezident festivalın xalqlar arasında dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmlənməsinə, dünyanın nadir musiqi irsinin, ənənələrinin, unudulmuş metodlarının dirçəldilməsinə xidmət etdiyini vurğulayıb.
   UNESCO-nun baş direktoru İrina Bokova da musiqi bayramının iştirakçılarını təbrik edib, onlara uğurlar arzulayıb. O, qədim mədəniyyət mərkəzi olan Səmərqəndin dünya mədəni irsinə verdiyi töhfələrdən danışıb və festivalın əhəmiyyətini qeyd edib.
   Daha sonra festivalda iştirak edən 52 dövlətin bayraqları iştirakçıların alqışları ilə tarixi Registan meydanına gətirilib. Festivalın açılış mərasimi Özbəkistan incəsənət ustaları və festival iştirakçılarının nümunəvi çıxışları ilə başa çatıb.
   Avqustun 28-29-da festival iştirakçıların çıxışları davam edib. Musiqi bayramına avqustun 30-da yekun vurulacaq.
   Xatırladaq ki, ötən illərdə Azərbaycan təmsilçiləri “Şərq təranələri” festivalında uğurla iştirak ediblər. 1997-ci ildə keçirilən ilk festivalda ölkəmizi təmsil edən müğənni Simarə İmanova ən yüksək mükafata - “Qran pri”yə layiq görülüb, sonrakı illərdə ayrı-ayrı vaxtlarda Alim Qasımov (2001), Aygün Bəylər (2005), Qoçaq Əsgərov (2009) birinci, Zabit Nəbizadə (2003) ikinci yerləri tutublar.
   
   Azərbaycan musiqiçilərinin çıxışları alqışlarla qarşılanır
   
   Builki musiqi bayramında ölkəmizi təmsil edən xanəndə Elnarə Abdullayevanın rəhbərliyi ilə “Şirvan” muğam qrupu qədim şəhərin müxtəlif konsert salonlarında maraqlı konsert proqramları ilə çıxış edir. Azərbaycan Bəstəkarlar İttifaqının katibi Lalə Hüseynova bildirib ki, Səmərqənd sakinləri və qonaqlar Azərbaycan musiqiçilərinin ifalarını ayaqüstə alqışlayırlar: “Özbəkistanda Azərbaycan musiqisinə maraq böyükdür. Elnarə Abdullayeva harada çıxış edirsə, o salona çoxlu tamaşaçı toplaşır. “Çahargah” muğamı, “Segah” təsnifi, “Simayi-Şəms” zərb muğamı tamaşaçıları valeh edib”.
   Bakı Musiqi Akademiyasının professoru Zümrüd Dadaşzadənin sözlərinə görə, münsiflər heyəti də Azərbaycan musiqiçilərinə böyük qiymət verir. Təsadüfi deyil ki, bu festivalda Azərbaycandan gəlmiş musiqiçilər həmişə münsiflər heyəti tərəfindən yüksək yerlərə layiq görülüb. Əminəm ki, bu festivalda da Azərbaycan nümayəndələri layiqli yer tutacaqlar”.
   
   “Müasir mədəniyyət kontekstində Şərq musiqisinin ənənələri”
   
   Festival çərçivəsində “Müasir mədəniyyət kontekstində Şərq musiqisinin ənənələri” mövzusunda elmi konfrans da keçirilib. Konfransda Azərbaycanı Bəstəkarlar İttifaqının katibi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Lalə Hüseynova, Bakı Musiqi Akademiyasının professoru Zümrüd Dadaşzadə təmsil ediblər.
   UNESCO-nun Baş direktoru İrina Bokova konfrans iştirakçılarını salamlayaraq deyib: “Musiqi qəlblərimizi bir-birinə yaxınlaşdırır və bizi birləşdirir. Musiqi təkcə dünyanın metaforası deyil, həm də sülh və gözəllik mənbəyidir, nəsildən-nəslə ötürülür”.
   Özbəkistan baş nazirinin müavini Adxam İkramov diqqətə çatdırıb ki, qədim Səmərqənd 2500 ildən çoxdur ki, Böyük İpək Yolunun əsas qolu kimi incəsənətin və elmin inkişaf etdiyi mərkəzdir. Səmərqənddə yaşamış böyük alim və mütəfəkkirlər burada bir sıra elmləri, o cümlədən musiqi mədəniyyətini inkişaf etdirmişlər.
   Lalə Hüseynovanın “Azərbaycanın müasir musiqi mədəniyyətinin inkişafında muğam sənəti” mövzusundakı məruzəsi maraqla qarşılanıb. O, Azərbaycan muğam sənəti haqqında ətraflı məlumat verib. Bildirib ki, Azərbaycanda müasir bəstəkar yaradıcılığının əsasını qoymuş muğamın özü də modernləşdirilib. Dahi Üzeyir Hacıbəylinin 1908-ci ildə Bakıda tamaşaya qoyulan “Leyli və Məcnun” operası o dövrdə muğamın yeni dövrünün başlanğıcı olub. Tanınmış Azərbaycan bəstəkarları Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Cahangir Cahangirov, Cövdət Hacıyev, Arif Məlikov, Aqşin Əlizadə, Vasif Adıgözəlov, Firəngiz Əlizadə və başqaları öz əsərlərində bu nadir və çoxəsrlik muğam sənətinin dramatik, fəlsəfi-psixoloji, bədii-xarakterik aspektlərindən bəhrələniblər. Artıq musiqi terminologiyasında muğam-opera, simfonik muğam, xor-muğam, caz-muğam, hətta rok-muğam terminləri işlənməkdədir.